Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən ötən il sahibkarlar tərəfindən edilmiş müraciətlərə əsasən, 373 xüsusi razılıq (lisenziya) verilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Onlardan 36-sı qiymətli metal və daşların emalı və istifadəsi və 319-u dövriyyəsi ilə bağlı olub.
192950 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib, 13 lisenziyanın fəaliyyəti dayandırılıb.
2013-cü ilin müvafiq dövrü ərzində Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunun tələblərinə əməl edilməsinə riayət edilməsi məqsədi ilə 48 yoxlama aparılıb. Aparılan yoxlamalar nəticəsində sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 26994 ədəd məmulatın Xidmətə gətirilməsi təmin edilib. Gətirilməsi təmin edilmiş məmulatların üzərində mənşəyi məlum olmayan saxta ad və əyar damğalarının izləri müəyyən edilib və əyarlarının üzərində göstərilən əyardan aşağı əyar olduğu aşkar edilib. Həmin məmulatların üzərində saxta ad və əyar damğalarının izləri təmizlənib və onlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb. Nəzarət işləri zamanı Xidmətə gətirilməsi təmin edilmiş dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarına görə 232434 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib.
Ötən il yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 43 qərar çıxarılıb və ümumilikdə 36600 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Ümumilikdə 2013-cü ildə 29800,00 manat məbləğində inzibati cərimənin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Xidmətə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2013-cü ildə 1511518,4 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.
Ümumilikdə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2013-cü ildə 1730082,4 manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.