APA-nın məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov oktyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, ölkənin beynəlxalq qiymətləndirmə reytinqlərində əldə etdiyi yüksək iqtisadi mövqeləri də qorunub saxlanılıb: “Dünyanın aparıcı üç beynəlxalq reytinq agentliyi tərəfindən ölkəmizə verilən investisiya səviyyəli kredit reytinqləri bir daha təsdiqlənib, Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də artaraq, qiymətləndirmə ilə əhatə olunan 144 ölkə arasında 38-ci yerə yüksəlib. Qeyd olunan reytinqlər Azərbaycan Respublikasının investisiya baxımından cəlbedici ölkələr sırasında aparıcı ölkələrdən biri olduğunu növbəti dəfə nümayiş etdirir. Bunun bariz nümunəsi 2014-cü il sentyabrın 20-də Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasını təmin edəcək “Cənub” qaz dəhlizinin Bakıda təməlinin qoyulması olub”.
S.Şərifov bildirib ki, 2014-cü ilin 9 ayında dövlət büdcəsinin mədaxili operativ məlumata əsasən 101,2 faiz yerinə yetirilməklə 14 milyard 71 milyon manat təşkil edib: “Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 101,8 faiz əməl etməklə dövlət büdcəsinə 5 milyard 324 milyon manat, 2013-cü ilin eyni dövrünə nisbətən isə 394 milyon manat və yaxud 8 faiz çox mədaxil təmin edib. Dövlət Gömrük Komitəsi isə 100,1 faiz və yaxud 2013-cü ilin eyni dövrünə nisbətən 123 milyon manat, yaxud 12,2 faiz çox mədaxil təmin edib. Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar keçən ilin eyni dövrü ilə müqayisədə 662,0 milyon manat və yaxud 17,5 faiz çox olmaqla, 4 milyard 454 milyon manat təşkil edib. 2014-cü ilin 9 ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Cari ilin 9 ayında dövlət büdcəsinin xərcləri 12 milyard 694 milyon manat və yaxud 86,0 faiz icra olunub. Ötən dövr ərzində dövlət büdcəsi xərclərinin 24,3 faizi və ya 3 milyard 82 milyon manatı sosial təyinatlı xərclərin payına düşür ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 252,0 milyon manat və ya 8,9 faiz çoxdur. 2014-cü ilin 9 ayında dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri 4 milyard 172 milyon manat təşkil edib. Həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi və yenidən qurulması üçün 1 milyard 401 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 2 milyard 184 milyon manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 44,0 milyon manat, müdafiə təyinatlı və digər layihələrin maliyyələşdirilməsi üçün 545,0 milyon manat vəsait yönəldilib”.
Nazir qeyd edib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədlərinə cari ilin dövlət büdcəsindən 1 milyard 292 milyon manat vəsait sərf edilib: “ Hesabat dövründə əhaliyə tibbi xidmətin keyfiyyətinin artırılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, ölkənin turizm və idman potensialının genişləndirilməsi, xalqımızın nadir incilərindən olan xalçaçılığın təşviqi, milli mədəniyyətin öyrənilməsi və digər sahələr üzrə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına maliyyələşdirilən bir sıra layihələr istifadəyə verilmişdir, o cümlədən Bakı Sağlamlıq Mərkəzi, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, yeni Xalça Muzeyi, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanası və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbə, Milli Gimnastika Arenası, Göygöl Olimpiya İdman Kompleksi. Nəqliyyat sahəsində ölkəmizin tranzit potensialının gücləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik olacaq, Qafqaz və Orta Asiya məkanında ən iri hesab olunan Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin bərə terminalı istismara verilib. Naxçıvan Muxtar Respublikasında “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları, Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının tikintisi başa çatdırılmışdır. Şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası, kəndlərarası yolların tikintisi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi üçün 2014-cü ilin 9 ayında dövlət büdcəsinin müvafiq xərc bölmələrindən 257,0 milyon manat, o cümlədən kəndlərarası yolların inşasının başlanması üçün ilkin olaraq Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 29,0 milyon manat vəsait ayrılıb. Ölkə regionlarının qazlaşdırılması proqramı çərçivəsində hesabat dövründə 60,0 milyon manat ayrılmış, bütövlükdə isə proqramın icrası üçün yönəldilmiş vəsaitin həcmi 620,0 milyon manata çatdırılmışdır.Naxçıvan Muxtar Respublikasının, ölkənin rayon və şəhərlərinin əhalisinin içməli su ilə təmin edilməsi üçün ilin əvvəlindən 256,0 milyon manat vəsait sərf edilib”.
S.Şərifovun sözlərinə görə, ölkə iqtisadiyyatının şaxələnməsinə, qeyri-neft sektorunun inkişafına yönələn dövlət dəstəyi tədbirləri hesabat dövründə də davam etdirilib, dövlət büdcəsindən bu məqsədə müvafiq vəsaitlər ayrılıb: “Kənd əməkçilərinə, fermerlərə və sahibkarlara göstərilən qayğının təzahürü olaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan mineral gübrələrin satışı zamanı tətbiq olunan və dövlət büdcəsindən maliyyələşən güzəşt 50 faizdən 70 faizədək artırılmışdır. “Aqrolizinq” Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən cari ildə verilmiş 32,0 milyon manat vəsaitlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan kənd təsərrüfatı məhsulları istehsalçılarına taxılyığan kombaynların alınması, xaricdən damazlıq heyvanların idxalı və Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üçün 30,0 milyon manat vəsait ayrılıb. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün cari ildə 105,0 milyon manat vəsait sərf edilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz və yaxud 3,0 milyon manat çox deməkdir. Sahibkarlara güzəştli kreditlərin verilməsi üçün dövlət büdcəsindən cari ildə Sahibkarlığa Kömək Milli Fonduna 150,0 milyon manat vəsait ayrılmışdır və bununla da dövlət büdcəsindən Fonda ayrılmış vəsaitin ümumi həcmi 830,0 milyon manata çatdırılıb”.
Nazir qeyd edib ki, prezidentin tapşırığınıza uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarının əmlak mənafelərinin daha etibarlı qorunmasına şərait yaradılması məqsədilə “Kənd təsərrüfatında sığortanın dövlət dəstəyi vasitəsilə stimullaşdırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi hazırlanıb: “Bununla yanaşı, təbii fəlakətlər nəticəsində ölkə vətəndaşlarının əmlakına və dövlətə dəyə biləcək ziyandan sığortalanma mexanizmlərinin dünya təcrübəsi təhlil olunmaqla yaradılması üzrə də hazırlıq işləri davam edir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Asan xidmət” mərkəzlərinin maddi-texniki təminatının yaxşılaşdırılması, Agentliyin regional mərkəzlərinin yaradılması və işçi heyətlə komplektləşdirilməsi, səyyar “asan xidmətlər”in əhatə dairəsinin genişləndirilməsi üçün dövlət büdcəsindən üst-üstə 22,0 milyon manat vəsait ayrılıb”.
S.Şərifov deyib ki, 2015-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəricilərinin tərtibi üzrə hazırlıq prosesi qanunvericiliklə müəyyən edilmiş müddətdə başa çatdırılıb, müvafiq büdcə layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər ali diqqətinizə təqdim olunub: “Layihə dünyadakı və regiondakı iqtisadi inkişaf meyillərinə, o cümlədən xammal bazarındakı vəziyyətə nəzər salmaqla, artan regional geosiyasi gərginliyin qonşu dövlətlərə, dolayısı ilə ölkəmizə və onun sosial iqtisadi inkişafına ehtimal olunan riskləri və mənfi təsirləri qiymətləndirilməklə, bu çağırışlarla bağlı büdcədə adekvat həcmdə ehtiyatlar yaradılmaqla tərtib edilib. Bu zaman tapşırığınıza uyğun olaraq büdcə layihəsində sosial məsələlərin, aztəminatlı əhali təbəqəsinə dövlət dəstəyinin ənənəvi olaraq prioritetliyi saxlanılmaqla dövlətimizin müdafiə qüdrətinin bundan sonra da möhkəmləndirilməsi, Bakı şəhərində ilk Avropa Oyunlarının keçirilməsi və icrasına başlanılmış dövlət proqramlarının davam etdirilməsi üçün maliyyə təminatının yaradılmasına üstünlük verilib”.