“İqtisadi siyasətimizlə bağlı proqramlar dərc edilib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası dərc edilib. 2020-ci ilə qədər və bəlkə də ondan da tez ölkəmizdə mövcud olan bütün əsas infrastruktur layihələri başa çatmalıdır”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı bildirib.
Ölkə başçısı vurğulayıb ki, proqramlar var, büdcədə vəsait var və qeyd olunan bütün işlər görüləcək: “Qeyri-neft sektorunun inkişafı bizim diqqətimizi daha çox cəlb edir. Bu istiqamətdə də bizim verdiyimiz bütün tapşırıqlar yerinə yetirilir. Qeyri-neft sektorumuz hər il təxminən 10 faiz artır. Əgər bu, növbəti illərdə davam edərsə, - buna mən şübhə etmirəm, - o zaman iqtisadiyyatımızın şaxələndirilməsi tam təmin ediləcək”.
Prezident onu da qeyd edib ki, Azərbaycan artıq özü üçün enerji təhlükəsizliyi məsələlərini çoxdan həll edib, başqa ölkələrin enerji təhlükəsizliyinə töhfə verir: “Bu gün bizim qarşımızda duran əsas layihə TANAP layihəsidir. Bu layihənin də təşəbbüskarı biz olmuşuq. 2012-ci ildə Türkiyə və Azərbaycan arasında saziş bağlamışıq. Bu da “Cənub” qaz dəhlizinin yaradılması işində dönüş nöqtəsi olub. Çünki o vaxta qədər, təqribən 7-8 il ərzində ancaq danışıqlar gedirdi və “Cənub” qaz dəhlizinin yaradılması üçün kifayət qədər beynəlxalq səylər göstərilməyib. Biz vəziyyəti təhlil etdik və gördük ki, belə davam edərsə, bu danışıqlar hələ bir 10 il də davam edəcək, heç bir fayda vermədən. Ona görə də məsuliyyəti və təşəbbüsü öz üzərimizə götürərək çox düşünülmüş addım atdıq. TANAP layihəsi bu gün bölgənin enerji xəritəsini dəyişdirən bir layihədir”.
Prezidentin sözlərinə görə, Azərbaycan bu layihənin əsas səhmdarı, təşəbbüskarı və icraçısıdır. “Əminəm ki, bu qlobal layihə vaxtında - 2018-ci ilə qədər icra ediləcək. Bunu etmək üçün bütün imkanlarımız - həm maliyyə, həm də texniki imkanlarımız vardır. Bizim peşəkar mütəxəssislərimiz var. Bu layihəni icra etmək üçün bizim siyasətimiz davam etdirilməlidir. Azərbaycan seçdiyi yolla getməlidir və gedəcək. Bizim yolumuz azadlıq yoludur, inkişaf yoludur, müstəqillik yoludur. Biz müstəqillik illərində sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik, inkişaf edə bilərik. Ən böyük sərvətimiz olan müstəqilliyimizi bundan sonra da qorumalıyıq və qoruyacağıq”.