Yanvarın 24-də kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir xanım Malena Mard ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa Birliyi arasında birgə əməkdaşlıq məsələləri və ərzaq məhsullarının təhlükəsizliyi sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi olub.
H.Əsədov Azərbaycanın Avropaya daim inteqrasiya etdiyini qeyd edib, Avropa Birliyi ilə Azərbaycan hökuməti arasında “Kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına dəstək Proqramı”nın (büdcəyə dəstək layihəsi) uğurla həyata keçirildiyini, layihənin bu ildə də davam etdirilməsinin məqsədəuyğun hesab etdiyini bildirib. O, həmçinin Avropa Birliyi ilə əlaqələrin sürətlə inkişaf etdiyini və konkret sahələrdə öz əksini tapdığını xüsusilə vurğulayıb. Layihə çərçivəsində ötən il üçün nəzərdə tutulmuş fəaliyyətlərin ərzaq təminatı və baytarlıq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, Vahid Milli İstinad Laboratoriyası yaradılması və regional baytarlıq laboratoriyaların bərpası, işçilərə təlim keçirilməsi, müvafiq akkreditasiyanın alınması, baytarlıq məntəqələrinin, sallaqxanaların və taxıl elevatorunun tikintisinə dəstək, kənd təsərrüfatı sahəsində müəllim və tələbələrin xaricdə təhsilinin təkmilləşdirilməsinin həyata keçirildiyini səfirin diqqətinə çatdırıb.
Nazir gələcək əməkdaşlıq üçün prioritet hesab edilən sahələri, xüsusilə aqrar sahədə xidmət sahələrinin özəlləşdirilməsi, struktur islahatların aparılması üzrə beynəlxalq ekspertlərin dəvət olunması, süni mayalanma sisteminin yenidən qurulması, peşə təhsili, ərzaq və qida təhlükəsizliyi üzrə, kənd təsərrüfatını elektronlaşdırılması və digər sahələr üzrə Avropa Birliyi tərəfindən həm texniki, həm də büdcəyə dəstəyin olmasının vacibliyini bildirib.
M.Mard Avropa Birliyi tərəfindən aqrar sahədə uzun illər ərzində layihələrin həyata keçirilməsini qeyd edib və gələcək üçün üç prioritet istiqamətdən birinin də kənd yerlərinin və regionların inkişafı olduğunu bildirib. Avropa Birliyinin Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı tərəfdaş olduğunu bildirən, xanım M.Mard birgə ərzaq və qida təhlükəsizliyi, sertifikatlaşma sahələrində birgə əməkdaşlığın davam etdirilə biləcəyini və bu məqsədlə işçi qrupunun yaradılmasının vacibliyini qeyd edib. O, Azərbaycanda istehsal olunun kənd təsərrüfatı məhsullarının Avropa bazarına ixrac imkanlarının daha da genişlənəcəyinə ümidvar olduğunu söyləyib. M.Mard fəaliyyəti dövründə Avropa Birliyi ilə Azərbaycanın aqrar sahəsi arasında birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini əlavə edib.