Bu bir həqiqətdir ki, dünyada siyasətçilərin mütləq əksəriyyəti siyasi arenadan gedəndən bir müddət sonra unudulur. Tarixdə qalmaq, həm də getdikcə bu tarixə daha dürüst yazılmaq yalnız tək-tək insanlara nəsib olur. Heydər Əliyev belə nadir şəxsiyyətlərdəndir. O, Müasir Azərbaycanın memarı və qurucusu oldu, fövqəlbəşər bir düha kimi xalqın sonsuz məhəbbətini qazandı, əbədi yaşarlıq zirvəsinə ucaldı. Heydər Əliyevin fenomenal siyasi fəhmi və uzaqgörənliyi sayəsində Azərbaycan dünya siyasi arenasında layiqli yer tutdu. ABŞ-ın tanınmış dövlət xadimi, politoloq, sosioloq Zbiqnev Bjezinski Heydər Əliyevi Azərbaycanda demokratiyanın və fikir plüralizminin, yeni iqtisadi və siyasi münasibətlərin qarantı adlandırmışdı. Demək yerinə düşər ki, demokratiyanın beşiyi sayılan ABŞ-da dövlətçiliyin əsasını qoyanlar hesab edirdilər ki, cəmiyyətin taleyi idarə edənlərin şəxsi keyfiyyətlərindən asılı olmamalıdır, çünki “insanlar heç də mələk deyillər”. Bunu nəzərə alaraq onlar idarəetməyə “təbii aristokratiyanın” cəlb olunmasına, ictimai mənafeyə qulluq etməyi hər şeydən üstün tutan şəxslərin rəhbər vəzifələrə təyin edilməsinə qərar verirdilər. Ancaq tarix göstərdi ki, idarəçilikdə sosial mənsubiyyət düşünüldüyü qədər rol oynamır, insanların, bütövlükdə dövlətin taleyi, ölüm ya olum məsələsi məhz rəhbərin əqidəsindən, fərdi keyfiyyətlərdən, bilik və bacarığından, yeri gələndə şəxsi istəyindən asılı olur. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi “dövlət rəhbərləri arasındakı münasibətlər bir çox cəhətdən ölkələr arasındakı münasibətləri də müəyyənləşdirir” fikri təsdiqləyir. Bu nöqteyi-nəzərdən ümummilli liderimiz Heydər Əliyev şəxsiyyətinin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Çıxılmaz böhran, amansız erməni işğalının acıları,qıtlıq yaşandığı, sabitlik olmayan, dövlətin sütunları laxlayan bir zamanda xalq Heydər Əliyevi köməyə çağırdı. Çünki onun birinci hakimiyyəti zamanı ağır durumda olan ölkəni dirçəltdiyini görmüşdü. Azərbaycanın dünya birliyi tərəfindən müstəqil hüquqi, demokratik bir dövlət kimi tanıtmaq, mövcud potensialdan istifadə etməklə iqtisadiyyatı müasir tələblər səviyyəsində modernləşdirmək kimi başlıca vəzifələri yalnız Heydər Əliyev gerçəkləşdirməyə qadir idi. Bu dövrdə Azərbaycanın Silahlı Qüvvələri formalaşdırıldı, torpaqlarımızın müdafiə olunması ilə bağlı siyasi və diplomatik vasitələr işə salındı, 1994-cü ilin mayında isə atəşkəsə nail olundu. "Hərbi əməliyyatların dayandırılması və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində apardığı məqsədyönlü dövlət siyasətində xidmətlərinə görə” Prezident Heydər Əliyev 1999-cu ildə Türkiyənin ən nüfuzlu “Atatürk Sülh Mükafatına" layiq görüldü.
Mövzu ilə bağlı mütəxəssis rəylərini, statistik məlumatları və tarixi sənədləri araşdırarkən Heydər Əliyevin 2001-ci ildə İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini, agentliyin şef-redaktoru Mixail Qusmana müsahibəsində söylədiyi bu fikri diqqətimi cəlb etdi: “1969-cu ildə mən Azərbaycan Respublikasının Mərkəzi Komitəsinə 1-ci katib təyin edilən ərəfədə ölkənin iqtisadi vəziyyəti çox mürəkkəb idi. Moskvada Azərbaycanın adı mənfi hallanırdı. DTK generalı kimi ölkənin bütün problemlərindən xəbərdar olduğumdan işə başlayanda əhali ilə sıx görüşməyə, bölgələrə getməyə, məsələləri kökündən həll etməyə çalışdım. Məlum oldu ki, xalq elə bunu gözləyirmiş”.
Mixail Qusmanın "Düşünürəm ki, yer üzündə Sizin kimi hakimiyyətdə olan adam az tapılar. Sizcə bu hakimiyyətin dadı-tamı necədir?" sualına Heydər Əliyevin cavabı belə olmuşdur: “Hakimiyyətin dadı acıdır, özü də lap çox acıdır. Bu məsələdə də fərdin şəxsi keyfiyyətləri özünü büruzə verir. Elə adamlar var hakimiyyət əldə etmək istəyir ki, özü üçün yaxşı həyat qursun, gözəl dincəlsin. Belələri üçün hakimiyyət həqiqətən şirin ola bilər. Çünki onlar bu hakimiyyətin xalqa nə verəcəyinin qayğısını çəkmirlər. Ola bilər ki, inkişaf etmiş Qərb dövlətlərində dəqiq işləyən qanunlar, mövcud quruluşun mexanizmi hakimiyyət yükünü kifayət qədər xoş edir. Ancaq şəxsən mən heç bir şirinlik hiss etmədim.”
Gərginliklərə rəğmən o, gecə-gündüz bütün varlığı ilə Azərbaycanın inkişafına xidmət etdi, əvvəlki illərdə olduğu kimi böyük uzaqgörənliklə...
Heydər Əliyevin I hakimiyyəti dövründə Azərbaycan SSRİ miqyasında 12 dəfə birincilik qazandı, 12 keçici bayraq əldə etdi. SSRİ-nin rəhbəri L.İ.Brejnev deyirdi: “Şiroko şaqaet Azerbaydjan” (Azərbaycan iri addımlarla addımlayır). O bu sözləri yalnız Azərbaycan haqqında demişdir. Bu Heydər Əliyevin rəhbərliyi altında respublikada görülmüş real işlərin göstəricisi idi. Bu dövr tariximizə iqtisadi və mədəni yüksəliş mərhələsi kimi daxil oldu.
1990-cı illərin əvvəlində kommunizm sisteminin dağılması nəticəsində demokratiya yoluna qədəm qoymuş bir çox ölkələrdə iqtisadiyyatın bazar münasibətləri ilə tənzimlənməsinin tərəfdarı olan bəzi islahatçılar düşünürdülər ki, özəl sektor hər bir məsələni həll etmək iqtidarındadır, dövlət idarəçiliyinə ehtiyac yoxdur. Lakin cəmiyyətin tərəqqiyə doğru inkişafında, sağlam iqtisadiyyatın qurulmasında dövlət idarəçiliyi mühüm amil olduğunu bilən Heydər Əliyev idarəçiliyin təkmilləşdirilməsini zəruri hesab edirdi: "Bu təkmilləşdirməni keçmiş sistemin əsasında apara bilmərik. Biz islahatlara, bazar iqtisadiyyatına uyğun struktur yaratmalıyıq". Bazar iqtisadiyyatına keçidin ən vacib şərtlərindən olan vergi münasibətlərinin tənzimlənməsi qarşıda duran vacib və təxirəsalınmaz problemlərdən idi. Heydər Əliyev dövlətin dinamik iqtisadi inkişafında vergi sisteminin mühüm rol oynadığını önə çəkdi: "Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik" prinsipinə əsasən Azərbaycan tarixində bu vaxtadək mövcud olmayan rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşmasına, adekvat vergi siyasətinin, təkmil vergi qanunvericiliyin, əlverişli vergi mühitin və səmərəli vergi nəzarəti mexanizmlərinin yaradılmasına nail oldu. 11 fevral 2000-ci il tarixdə imzaladığı fərmanıyla Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Vergilər Nazirliyi yaradıldı, Vergilər Nazirliyinin ali idarəetmə orqanı kimi azad bazar münasibətlərinin inkişafında rolu müəyyənləşdirildi. 2001-ci ildə dövrün ən böyük uğuru kimi qiymətləndirilən Vergi Məcəlləsi qəbul edildi. Dünya standartlarına cavab verən yeni qanunvericilik bazasının yaradılmasında ulu öndərin xidmətləri danılmazdır. Heydər Əliyevin 25.08.2000-ci il tarixli Fərmanı ilə Vergilər Nazirliyinə təhqiqat və istintaq aparılması səlahiyyətləri verildi. Bu fərmanın icrası ilə əlaqədar Hüquq mühafizə orqanları ilə əlaqələndirmə Baş İdarəsinin bazasında Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsi, sonra isə struktur dəyişiklikləri edilərək Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti yaradıldı. Departamentin icraatında olan işlər üzrə 2001-ci ildən bu vaxtadək dövlət büdcəsinə 108 milyon manat məbləğində vergi ödənilib. 2000-ci ildə MDB ölkələri arasında ilk olaraq məhz Azərbaycanda vergi orqanlarında vergi ödəyicilərinə xidmət-Vergi təbliğatı, vergi məsələləri üzrə məlumatlandırma şöbələri, Vergilər Nazirliyinin rəsmi İnternet səhifəsi, vətəndaşların maarifləndirilməsi məqsədilə "Vergilər" qəzeti, "2003-cü ildə isə "Azərbaycanın vergi xəbərləri" jurnalı fəaliyyətə başladı.
Hər zaman kadr siyasətini diqqət mərkəzində saxlayan Heydər Əliyevin tapşırığı ilə 2001-ci ildə vergi orqanları əməkdaşlarının peşə hazırlığı, yenidən hazırlanması və ixtisaslarının artırılması, vergi sisteminin formalaşdırılması, inkişafı və hüquqi təminatına dair elmi tədqiqatların aparılması məqsədilə Vergilər Nazirliyinin Tədris Mərkəzi yaradıldı. Vergilər Nazirliyinin funksional idarəetmə mexanizminin təkmilləşdirilməsi, vergi ödəyicilərinin məlumatlandırılması və vergi təbliğatı tədbirlərinin gücləndirilməsi, yerli vergi orqanlarında xidmət işinin yüksək səviyyədə təşkilinin təmin olunması məqsədilə 2002-ci ilin sonunda Nazirliyin mərkəzi aparatında Vergi ödəyicilərinə xidmət idarəsi təşkil edildi. İri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələrlə münasibətlərin daha səmərəli qurulması üçün İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamenti (hazırda Xüsusi Rejimli Vergi Xidməti Departamenti) yaradıldı. Yeni idarəetmə modelinin qurulması məqsədilə 2002-ci ilin sonunda vergi sistemində geniş struktur islahatlar həyata keçirildi. Sistemlilik, çeviklik, operativlik, koordinasiya olunma və güclü təşkilati-idarəetmə mexanizminin tətbiq edilməsi məqsədilə Bakı Şəhər Vergilər Departamenti və rayonları əhatə edən 3 filial, regionlar üzrə 12 Ərazi Vergilər İdarəsi yaradıldı, 2003-cü ildə "195" vahid telefon-məlumat xidməti istifadəyə verildi.
Vergi qanunvericiliyinin vahid bazasının yaradılması, onun daha da təkmilləşdirilərək beynəlxalq standartlar səviyyəsinə çatdırılması, vergi yükünün aşağı salınması, vergidən yayınma hallarının aradan qaldırılması və digər istiqamətləri əhatə edən vergi siyasəti nəticəsində respublikamızın iqtisadi qüdrəti artdı, dövlət büdcəsi gəlirləri formalaşdı, ölkə iqtisadiyyatında bazar münasibətlərinin bərqərar olması və dərinləşməsi, azad sahibkarlığın geniş vüsət alması dönməz xarakter aldı. Odur ki, Heydər Əliyev deyirdi: "Bizim iqtisadiyyatda əldə etdiyimiz nailiyyətlər əsasən, bazar iqtisadiyyatının nəticəsidir".
Azərbaycanı böhrandan stabil inkişaf yoluna çıxardan Heydər Əliyev kənd təsərrüfatının inkişafını yalnız məhsul istehsalını həyata keçirən bir sistem kimi deyil, bütövlükdə kəndin çoxfunksiyalılığının qorunub saxlanılması, ekoloji tarazlığın və alternativ məşğulluğun təmin edilməsi baxımından mühüm hesab edir və bu sahənin dövlət tərəfindən davamlı şəkildə diqqətdə saxlanılmasını milli təhlükəsizliyin təmin edilməsinin başlıca şərti kimi də qiymətləndirirdi. Aqrar sektorun inkişafını stimullaşdırmaq məqsədilə Heydər Əliyevin verdiyi fərman və sərəncamlara əsasən kənd təsərrüfatı istehsalçıları, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edildi, fiziki şəxslərin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən gəlir vergisinin tutulmasına güzəştlər tətbiq olundu, bankların, sığorta və təkrarsığorta şirkətlərinin mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilmiş hissəsi mənfəət vergisindən azad edildi.
Heydər Əliyev vergi siyasətində yersiz müdaxilə halları, qanunsuz yoxlama ilə audit arasında hüquqi sədd müəyyən etdi. Birincilərə qadağalar qoyulsa da, auditin təşkili və inkişafı üçün zəruri tədbirlər görüldü. Konstitusiya hüququna, mülki, inzibati, cinayət və maliyyə hüquqlarına istinadən inkişaf etdirilən vergi sisteminin normativ-hüquqi bazasında Heydər Əliyevin imzaladığı "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" 1996-cı il 17 iyun tarixli fərmanı, "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında" 1998-ci il 27 yanvar tarixli sərəncamı, "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" 1999-cu il 7 yanvar tarixli fərmanı, "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” 2000-ci il 8 iyun tarixli fərmanı xüsusilə əhəmiyyət kəsb edir. Bu mövcud nəzarət sisteminin təkmilləşdirilməsini və nəzarət mexanizmlərinin bazar iqtisadiyyatının xüsusiyyətlərinə uyğunlaşdırılmasını təmin etməklə iqtisadi subyektlərin qanuni mənafelərinin qorunmasında mühüm rol oynadı. Vergi Məcəlləsində əvvəllər tətbiq olunan 13 vergi növündən 9 vergi növü təsbit olundu, əksər vergi növləri üzrə dərəcələr aşağı salındı, aksizə cəlb olunan malların siyahısı azaldıldı. Mənfəət vergisinin dərəcəsi 27 faizdən 20 faizə, ƏDV-nin dərəcəsi 20 faizdən 18 faizə endirildi, fiziki şəxslərin gəlir vergisinin hesablanması mexanizmi sadələşdirilərək, bu verginin hesablanma şkalası 6 pilləlidən 2 pilləliyə endirildi, iki vergi dərəcəsi (14% və 30%) saxlanıldı, fiziki şəxslərin vergiyə cəlb olunan aylıq gəlirlərinin maksimum həddi 2000 manatadək artırıldı.
Heydər Əliyevin xarici siyasət strategiyasında vergi sisteminin Avropa Birliyində tətbiq olunan standartlar səviyyəsinə inteqrasiyası əsas prioritetlərdən idi. Vergilər Nazirliyi 2002-ci ildə Avropadaxili Vergi Administrasiyaları Təşkilatına (İOTA) üzv oldu, 41 ölkə ilə "gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında", "vergitutma sahəsində qarşılıqlı inzibati yardım haqqında" sazişlər imzaladı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan ölkələrin “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında” Strasburq Konvensiyasına qoşuldu, Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), Beynəlxalq Vergi və İnvestisiya Mərkəzi (ITIC), İrlandiyanın Vergi İnstitutu, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avstriyanın Vergi Akademiyası ilə Vergilər Nazirliyinin Tədris Mərkəzi arasında ikitərəfli əməkdaşlıq yarandı.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində qısa tarix ərzində müstəqil Azərbaycan Respublikasının milli vergi sistemi böyük inkişaf yolu keçdi. Bu gün Vergilər Nazirliyi beynəlxalq maliyyə institutları və iqtisadi inkişaf təşkilatları tərəfindən inkişaf etmiş ölkələrin vergi qanunvericiliyinə adekvat olan müasir normativ-hüquqi, maddi-texniki bazaya, yüksək peşəkarlığa malik kadr potensialına, səmərəli vergi inzibatçılığına əsaslanan bir institut kimi tanınır.
Heydər Əliyev hər zaman xalqının bu gününü və sabahını düşünürdü. Ona görə də “Azərbaycan dünyaya Günəş kimi doğacaq” deyirdi və bu amalla yaşadı, yaratdı. Toqquşan maraqlar fonunda Azərbaycan iqtisadiyyatının əsas istiqaməti olan neft strategiyasının həyata keçirilməsinə nail oldu. 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi”Azərbaycanda xarici sərmayə investisiyaların qoyulmasına zəmin yaratdı.Əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycanın açıq dənizə çıxışı olmasa da beynəlxalq bazarlardan təcrid olunmadı, tranzit nəqliyyat dəhlizləri inkişaf etdirildi. 1998-ci ildən başlayaraq "İpək Yolu"nun Avropa-Qafqaz-Asiya magistral dəhlizinin Azərbaycanda mərkəzi mövqe tutması Avropa ölkələri ilə səmərəli iqtisadi əlaqələrin inkişafına zəmin yaratdı. Prezident Heydər Əliyev İpək Yolunun bərpası sahəsində fəaliyyətinə, böyük zəhməti və qətiyyətli mövqeyinə görə Türkiyənin "İpək Yolu Təchizat Mərkəzi" və "İpək Yolu Fondu" tərəfindən 1998-ci ildə "Böyük Lider" mükafatına layiq görüldü və "İpək Yolu Fondu"nun fəxri sədri seçildi.
"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" deyən Heydər Əliyevin ideyaları bəhrəsini verir. Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası beynəlxalq diqqət mərkəzindədir. Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində Ən İslahatçı Ölkə elan edilmişdir.
DB, BMK və “Pricewaterhouse Coopers” auditor şirkətinin təqdim etdiyi “Paying Taxes 2012” (Vergilərin ödənilməsi-2012) renkinq cədvəlində Azərbaycan 183 ölkə arasında 77-ci yeri tutub, vergi ödənişlərinin sadəliyi üzrə vəziyyətini 26 mövqe yaxşılaşdırıb, ümumi vergi qoyuluşu üzrə reytinqdə 94-cü, vergi ödənişləri üzrə 63-cü, vergi öhdəliklərinin yerinə yetirilməsi müddəti üzrə 96-cı yeri,vergi ödənişlərinin yekunu üzrə 18-ci, gəlir vergisinin ödənilməsi üzrə 1-ci yer tutub. Azərbaycan digər vergi ödəmələri üzrə 5-ci mövqedə qərarlaşıb. 2012-ci ildə dövlət büdcəsinə vergi ödənişlərinin həcmi 2000-ci illə müqayisədə 12 dəfə artıb.
Ötən il Azərbaycan vergi ödənişlərinin sadəliyi üzrə reytinqdə 103-cü, vergi ödəmələri üzrə 60-cı, vergi öhdəliklərinin yerinə yetirilməsi müddəti üzrə isə 128-ci yerdə, ümumi vergi qoyuluşu üzrə 95-ci mövqedə idi.
Artıq Azərbaycan iqtisadi inkişafın yeni mərhələsindədir: ölkədə texnoloji və innovativ iqtisadiyyata yönəldilmiş siyasət həyata keçirilir və vergi sistemi ən dinamik islahat aparılan sahələrdən biridir. Vergilər Nazirliyi dövlət qurumları arasında ən çox sayda elekton xidmət təqdim edən orqandır. Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) də 2006-cı ildən tətbiq olunur.
Vergi siyasətinin başlıca prinsipi olan vergilərin məcburi yığılmasından könüllü ödənilməsi sisteminə keçid zamanı insan resurslarının inkişafı diqqət mərkəzində saxlanılır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən bütün rayonlarda vergi ödəyicilərinə xidmət terminalları yaradılır. "Elektron hökumət" layihəsi çərçivəsində bu terminallar vasitəsilə əhalinin müxtəlif dövlət orqanlarının elektron xidmətlərindən istifadəsi mümkündür. Ümumtəhsil məktəblərdə vergilərə aid məsələlərin tədrisini səmərəli şəkildə həyata keçirmək məqsədi ilə 54 metodiki kabinet yaradılıb.
Vergilər Nazirliyinin "2011-2015-ci illərdə vergi ödəyicilərinə xidmətin inkişaf konsepsiyası"na əsasən “195” telefon məlumat xidmətinin digər dövlət qurumlarının məlumat xidmətinə inteqrasiya olunması, vahid prefiks nömrəli TMX-nin təşkil edilməsi üzərində iş aparılır. İqtisadi İnkişaf Nazirliyi “195” nömrəli telefon məlumat xidmətinə 2009-cu ildə qoşulub (195-2).
Dövlətimizin “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas hədəflərdən biri budur ki, konsepsiyanın əhatə etdiyi dövr ərzində makroiqtisadi siyasətin koordinasiyası gücləndiriləcək, maliyyə dayanıqlılığı baxımından optimal makro-fiskal çərçivə formalaşdırılacaq və adekvat pul siyasəti aparılacaqdır. İqtisadi sistemin rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə tədricən passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçid təmin ediləcək, vergi dərəcələrinin optimallaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına kömək edəcəkdir.
Bu nəticələrin qorunub saxlanması və səmərəliyinin daha da artırılması onu göstərdi ki, Azərbaycanın mövcud vergi inzibatçılığı tam olaraq iqtisadi sistemə uyğundur. Vergi mexanizmlərinin daim təkmilləşdirilməsi nəticəsində artıq vergi sisitemi fiskal funksiya daşımaqla yanaşı, iqtisadiyyatın tənzimlənməsi və stimullaşdırılmasının təsirli vasitəsinə çevrilib. Ulu öndərimiz Heydər Əliyev düşündüyü kimi müstəqil Azərbaycan çiçəklənir, investisiyalar həm paytaxt Bakıya, həm regionların inkişafına yönəldilir. Ölkə iqtisadiyyatına qoyulan investisiyalar Azərbaycana tək müasir texnika və texnologiyanın gətirilməsilə və iqtisadiyyatın gələcək inkişafını təmin etməklə bitmir, mütərəqqi idarəetmə təcrübəsinə yiyələnməklə milli iqtisadiyyatımızın dünya təsərrüfat sisteminə inteqrasiya prosesini sürətləndirir. Ən əsası isə budur ki, bütün strateji məqsədlərin həyata keçirilməsinə yönəldilən sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzusu idi, elə xalq da bunu istəyir, bunu gözləyirdi...
Qeyd: Məqalə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin və Azərbaycan Mətbuat Şurasının "Heydər Əliyev və Azərbaycanda vergi siyasəti" mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
Səidə Hüseynova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü