Elxan Quliyev: “Dünya suyun təmizlənməsində xlordan imtina edir” - MÜSAHİBƏ
09 yanvar 2013 10:52 (UTC +04:00)

Elxan Quliyev: “Dünya suyun təmizlənməsində xlordan imtina edir” - MÜSAHİBƏ

“Ekofes” Azərbaycanda etibarlı, təhlükəsiz su təmizləyici texnologiyalarının tətbiqinə hazırdır”

 

Ekoloji mühitin qorunması və sağlam həyat tərzində su amili böyük rol oynayır. Çirkləndirilmiş su təbiətə ziyan vurur, zərərli su insan sağlamlığı üçün təhlükə mənbəyinə çevrilir. Çıxış yolları isə var. “Ekofes” Elmi-Tədqiqat və İstehsalat Müəssisəsinin Azərbaycandakı rəsmi nümayəndəsi Elxan Quliyev bu sahədə gördükləri işlərdən danışır...

 

- “Ekofes” Elmi-Tədqiqat və İstehsalat Müəssisəsi nə zaman yaradılıb?

 

- “Ekofes” Elmi-Tədqiqat və İstehsalat Müəssisəsi 1991-ci ildən fəaliyyətdədir. Artıq 22 ildir ki, fəaliyyət göstərən müəssisənin yaradıcıları başda Cənubi Rusiya Dövlət Texniki Universitetinin (keçmiş Novoçerkassk Politexnik İnstitutu) Su mənbələrindən qənaətli istifadə və sənaye suları tullantılarının zərərsizləşdirilməsi kafedrasının müdiri, mənim elmi rəhbərim Fesenko Lev Nikolayeviç olmaqla, bu kafedranın elmi işçiləri olub. Onların sırasında mən də varam. Sovet dövründə bu kafedra su problemləri ilə məşğul olan yeganə kafedra olub, bu gün də kafedra fəaliyyət göstərir. Texniki elmləri doktoru, professor Fesenko Lev Nikolayeviç indi  həm kafedranın müdiri, həm də “Ekofes” Elmi-Tədqiqat və İstehsalat Müəssisəsinin baş direktorudur. “Ekofes” Elmi-Tədqiqat və İstehsalat Müəssisəsində çalışanların əksəriyyəti , yəni  elmi-tədqiqat, layihələndirmə və texnologiya sektorlarının kadrları su üzrə mütəxəssislərdir.

 

- Müəssisənin fəaliyyəti hansı sahələri əhatə edir?

 

- “Ekofes” Elmi-Tədqiqat və İstehsalat Müəssisəsi istənilən, su mənbəyini və tullantı suları tədqiq edib müvafiq texnologiyalar təklif edir. Elmi əsaslarla layihələr hazırlanır. Suyun zərərsizləşdirilməsi qurğuları da elə müəssisənin özü tərəfindən istehsal edilir və quraşdırılır. Həm də bu qurğular hər su mənbəyinə uyğun, individual olaraq yaradılır.   “Ekofes” Elmi-Tədqiqat və İstehsalat Müəssisəsi suyun zərərsizləşdirilməsi sahəsində “Xlorefs” qurğuları istehsal edir. Bu qurğularda bir deyil, bir neçə blok olur. Bu qurğular həm içməli suyun, həm tullantı və sənaye sularının zərərsizləşdirilməsində istifadə edilir. Eyni zamanda üzgüçülük hovuzlarında da bu qurğulardan istifadə olunur.

 

- “Ekofes” Elmi-Tədqiqat və İstehsalat Müəssisəsinin qurğuları digər analoji qurğulardan nə ilə fərqlənir?

 

- Ümumiyyətlə, suyu zərərsizləşdirmək üçün müxtəlif fiziki (ultrabənövşəyi şüalanma, ultrasəsin təsiri), kimyəvi (ozon, xlor, dioksid xlor, hipoxlorid-natrium, hipoxlorid-kalsium, permanqanat-kalium və sair), termiki və olirodinamik (gümüş ionlarının təsiri) metodlardan istifadə edilir. İçməli şəbəkə suyunun zərərsizləşdirilməsində kimyəvi metodun, dəqiq desək, 0.3mq/l aktiv xlor ekvivalentində qalıq dezinfektantın olmağı hesabi ilə bakterisidin tətbiqi mütləqdir Ənənəvi metod suyun xlorlaşdırılmasıdır. “Ekofes” Elmi-Tədqiqat və İstehsalat Müəssisəsinin istehsal etdiyi “Xlorefs” qurğusu xörək duzundan hipoxlorid-natrium məhlulunu yerində lazımi qədər alıb və nasos dozatorlarla suya qarışdırılması üçündür. Hipoxlorid-natriumun da əsasında xlor durur. Ancaq xlor molekul formasında yox, birləşmiş, uçucu olmayan formadadır. Hipoxlorid-natrium da xlor və dioksid xlor kimi suda bakteriyaları öldürür, suyu dezinfeksiya edir. Amma hipoxlorid-natrium xlor və dioksid xlor kimi uçucu zəhərli qaz deyil. İndiyə qədər maye və qaz xlordan istifadə edilib. Xlor istifadə edilən yerlərdə güclü qoruyucu zona olmalıdır. Xlor və dioksid xlor tətbiq edilən obyektlər xüsusi qorunmalıdır. Çünki qaz xlor ətrafa dağılarsa, insanı zəhərləyir, təbiəti də məhv edir. Xlorun və digər qaz formasında olan xlor birləşmələrinin tətbiqi də həmişə çox ciddi təhlükəsizlik və ekoloji normativlərə uyğun olmalıdır. Ona görə də 20-ci əsrin sonlarında bu xüsusiyyətlərinə görə dünyada xlordan imtina edilməyə  və xlora alternativlər axtarılmağa başlanılıb.

 

Yeri gəlmişkən, mən Novoçerkassk Politexnik İnstitutuna 1981-ci ildə qəbul olmuşam və hələ tələbəlik illərindən xlora alternativlər üzərində işləməyə başlamışıq. Yəni alimlər xlorun əvəz edilməsi üzərində çoxdan çalışırlar. Hipoxlorid-natrium sənaye üsulu ilə də istehsal edilir, yuxarı faizli olur. Bizim təklif etdiyimiz hipoxlorid-natrium ondan da fərqlidir. Biz yerində xörək duzundan lazımi qədər hipoxlorid-natriumun alınması və tənzimləyici nasoslarla şəbəkəyə vurulmasını təklif edirik. Bu, insanlar üçün heç bir zərəri olmayan prosesdir. Bizim qurğularda aşağı faizli hipoxlorid-natrium alınır. Xlordan fərqli olaraq otaq şəraitində də bir qaba hipoxlorid-natrium qoyularsa, insanı zəhərləmir. 

 

“Ekofes” Elmi-Tədqiqat və İstehsalat Müəssisəsinin qurğularının xarici ölkələrdə istifadə edilən analoji qurğulardan üstünlüklərinə gəlincə, xarici istehsalçıların  qurğularında hipoxlorid-natrium almaq üçün istifadə edilən duzun və suyun tərkibinə böyük tələblər qoyurlar. Amma “Xlorefs” qurğuları üçün belə yüksək tələb qoyulmur. Digər tərəfdən, bu qurğularda hətta  karxanadan gətirilən duzdan da istifadə etmək olar. Həm də “Xlorefs” qurğusunun özü də xaricdəki analoqlarından ucuzdur, enerji sərfiyyatı da azdır. Nəhayət, yuxarıda da qeyd etdiyim kimi, “Ekofes” Elmi-Tədqiqat və İstehsalat Müəssisəsində elmi işçilər çalışır, hər bir su mənbəyi tədqiq edilir, müəssisədə bu mənbə üçün elmi əsaslarla ayrıca qurğu istehsal olunur, yerində quraşdırılır. “Ekofes” Elmi-Tədqiqat və İstehsalat Müəssisəsi bu qurğulara 1 il zəmanət verir,  qurğuları işlədəcək operatorları öyrədir, məsləhətlər verilir. Sonrakı dövrdə də “Ekofes” Elmi-Tədqiqat və İstehsalat Müəssisəsi qurğunun istismara hazır vəziyyətdə saxlanılması sahəsində xidmətini təklif edir.  

 

- Bu gün “Xlorefs” qurğularından hansı ölkələrdə istifadə edilir?

 

- Ümumiyyətlə, bu gün 250 sukanal və sanatoriyada “Xlorefs” qurğularından istifadə edilir. Üzgüçülük hovuzlarında da bu qurğulardan istifadə olunur. Söhbət “Ekofes” Elmi-Tədqiqat və İstehsalat Müəssisəsinin müqavilə imzaladığı böyük müəssisə və idarələrdən gedir. Qurğularımızdan Rusiya Federasiyasında geniş istifadə edilir. Türkiyədən, Qazaxıstandan, Tacikistandan sifarişlərimiz var. İndiyə qədər qurğularımızla bağlı heç bir mənfi rəy almamışıq. Azərbaycana gəlincə, 2012-ci ilin dekabr ayında Oğuzun üç kəndində “Xlorefs” qurğuları quraşdırmışıq. Keçən il avqustun sonlarında “Ekofes” Elmi-Tədqiqat və İstehsalat Müəssisəsinin baş direktoru Fesenko Lev Nikolayeviç rəsmi məktubla “Azərsu” ASC-nin sədri Qorxmaz müəllimə müraciət edib. Məktubda öncə təşəkkür edilib ki, müəssisəmizin qurğuları pilot layihə kimi Oğuzun 3 kəndində quraşdırılacaq. Məktubda qeyd edilib ki, əgər “Azərsu” ASC-nin rəhbərliyi münasib bilərsə, “Ekofes” Elmi-Tədqiqat və İstehsalat Müəssisəsi bu gün Azərbaycanda etibarlı, təhlükəsiz su təmizləyici texnologiyalarının tətbiqində iştirak etməyə hazırdır. 

 

Bir məsələni də qeyd etmək istəyirəm. 1981-ci ildə bir çox gənc, o dövrdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev tərəfindən keçmiş SSRİ-nin müxtəlif ali məktəblərinə göndərilib. Mən də o gənclərdən biri olmuşam. Allah Heydər Əliyevə rəhmət etsin! O, çox müdrik, uzaqgörən və nadir şəxsiyyət olub. Biz öyrəndiklərimiz sayəsində Azərbaycana müsbət təcrübələrlə qayıtmışıq və bu təcrübələrdən ölkəmizdə istifadə edilməsini istərdik. Mən iki ixtiranın müəllifiyəm, bir neçə elmi məqaləm var. Hələ 1990-cı illərdə deyirdim ki, dünya suyun zərərsizləşdirilməsində istifadə etdiyi, ətraf mühit və insan həyatı üçün təhlükə yaradan xlordan imtina edəcək. 2007-ci ildən Rusiya Federasiyasının, basda Leninqrad ,Moskva, Rostov vilayətləri olmaqla bütün vilayətləri və respublikaları xlordan imtina edərək hipoxlorid-natriumu tətbiq edirlər. Bir çox ölkələrdə də analoji proseslər gedir.                                                                        

 

Mən “Ekofes” Elmi-Tədqiqat və İstehsalat Müəssisəsinin yaradıcılarından biriyəm.      İstəyirəm ki, insanlarımız ekoloji təmiz sudan istifadə etsinlər!

# 2561
avatar

Oxşar yazılar