Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarə qanunvericiliyinə uyğun olaraq daşınmaz dövlət əmlakının, o cümlədən qeyri-yaşayış və torpaq sahələrinin hüquqi və fiziki şəxslərə icarəyə verilməsi istiqamətində tədbirlər davam etdirilib. Lent.az-ın məlumatına görə, bu barədə Komitənin illik hesabatında bildirilib.
Hesabat ilində 650-dən çox qeyri-yaşayış sahəsi icarəyə verilib. Əvvəllər bağlanılmış və müqavilə müddəti başa çatmış 720-dən çox obyekt üzrə icarə müqaviləsinin müddəti uzadılıb, 260-dan çox icarə müqaviləsi ləğv edilib.
Eyni zamanda icarə haqlarını ödəməyən 250-dən çox qeyri-yaşayış sahəsinin icarəçilərinə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubları göndərilib. İl ərzində icarə haqqını ödəməyən icarəçilərlə bağlı məhkəmələrə 190-dan çox iddia ərizəsi göndərilib və bununla bağlı müvafiq məhkəmə qərarları qəbul edilib.
Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında 570-dən çox icarə müqaviləsi bağlanılmışdır. Əvvəllər bağlanılmış və müqavilə müddəti başa çatmış 60-dan çox obyekt üzrə icarə müqavilələrinin müddəti uzadılmış və müxtəlif səbəblərdən 425-ə yaxın icarə müqaviləsinə xitam verilib. Eyni zamanda icarə haqlarını vaxtında ödəməyən 30-a yaxın obyektin icarəçilərinə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubları göndərilib. İcarə haqqını ödəməyən icarəçilər barədə məhkəmələrə iddia ərizəsi göndərilib.
Dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət edilməsi məqsədi ilə monitorinq keçirilib və 30-dan çox müəssisə və obyektdə zəbtolunma, qanunsuz tikili, yenidənqurma və quraşdırma işlərinin aparılması halları aşkar edilib. Qanunsuz olaraq tikinti və yenidənqurma işlərinin aparılması hallarının qarşısının alınması məqsədi ilə məhkəmələrə iddia ərizələri verilib.
Dövlət Komitəsi vətəndaşları məhkəməyə verib
1168