“Sənaye ili” çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Sənaye məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitə (TK) yaradılıb. Bu barədə Lent.az-a Komitədən məlumat verilib. Komitənin əmrinə əsasən “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin nəzdində yaradılmış TK-nın Əsasnaməsi, strukturu, tərkibi və 2014-cü il üçün Fəaliyyət Planı təsdiq edilib.
TK milli standartlaşdırma orqanının əmrinə uyğun olaraq fəaliyyət sahəsində təhkim edilmiş fəaliyyət sahələri üzrə milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir.
Texniki Komitənin 2014-cü il üzrə Fəaliyyət Planına uyğun olaraq cari il ərzində Avropa standartları əsasında elektrik kabellləri, kabellərin cərəyan keçirən damarları, gəmilərin elektrik avadanlıqları üçün idarəetmə və güc kabelləri, su təchizatı, drenaj və təzyiq altında olan çirkab suları üçün polimer boru kəmərləri sistemi, qazların daşınması üçün polimer boru kəmərləri sistemi və s. ilə bağlı 20 milli standart layihəsinin hazırlanması planlaşdırılıb.