Ölkədə benzinin qiymətində dəyişiklik edilməsi barədə məlumatlar yayılıb. Deyerler.org saytı aprel ayının 2-dən ölkədə benzinin qiymətində dəyişiklik olacağı barədə xəbər verib.
Məlumata görə, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.80 manatdan 0.93 manata qalxacaq, Aİ-98 benzinin pərakəndə satış qiyməti isə 1.50 manatdan 1.03 manata düşəcək.
Aİ-92-nin və dizel yanacağının qiymətlərində isə dəyişikliyin olmayacağı bildirilir. Aİ-92 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.70 manat, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində saxlanılacaq.
Artıq qiymət dəyişikliyikləri ilə bağlı bütün benzindoldurma məntəqələrinə məlumat verilib. Aİ-98 benzinin satıldığı satış məntəqələrində qiymət dəyişikliyi bu gündən qüvvəyə minib.
Lent.az-ın məlumatına görə, ölkədə enerji daşıyıcılarının, həmçinin benzinin qiymətinin artması ilə bağlı qərarlar Tarif Şurasında qəbul olunur.
Tarif Şurasının saytında bu barədə hər hansı məlumat yerləşdirilməyib. Eyni zamandan bu Şuradan mediaya da belə bir məlumatın əks olunduğu press reliz göndərilməyib.
Lakin aprelin 1-dən etibarən Aİ-98 markalı avtomobil benziniylə yanaşı, Aİ-95 markalı benzinin də ölkəyə idxal olunacağı bildirilmişdi.
“APA-Economics”in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
R. Həsənov qeyd edib ki, aprelin 1-dən ölkədə Aİ-95 markalı benzinin istehsalı dayandırılacaq. Eyni zamanda R. Həsənov əlavə edib: “ Lakin bu, heç bir qiymət artımına səbəb olmayacaq”.