Bakı-Tiflis-Qars dəmiryolunun istifadəyə veriləcəyi tarix açıqlandı
"Bakı-Tiflis-Qars dəmiryolu 2015-ci ilin sonunadək istifadəyə veriləcək". APA TV-nin məlumatına görə, bu barədə İtaliyanın “TM news” xəbər agentliyi məlumat yayıb. Layihə ilə bağlı dərc olunan yazıda qeyd olunub ki, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolunda inşaat işlərinin böyük qismi başa çatıb. Gürcü nazir vurğulayıb ki, dəmir yolu 2015-ci ildən gec olmayaraq istifadəyə veriləcək.
İtaliya xəbər agentliyi yazıda Tiflisdə keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli Sammiti barədə məlumat verib. Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan “TM news” xəbər agentliyinə bildirib ki, 3 ölkənin iştirakçısı olduğu bu layihənin reallaşması Qafqaz regionunun iqtisadiyyatına mühüm töhfə verəcək.
Məqalənin sonunda qeyd olunub ki, dəmir yolu layihəsi 2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə arasında əldə olunmuş razılaşmaya əsasən reallaşdırılır.
1298