Azərbaycanda iribuynuzlu heyvanlar arasında müşahidə olunan "nodulyar dermatit" virus xəstəliyi sönüb. Bunu Lent.az-a açıqlamasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova bildirib. O qeyd edib ki, hazırda adıçəkilən xəstəliyə görə 141 iribuynuzlu heyvan müalicə olunur. “Son on gündə hər hansı heyvan bu xəstəliyə yoluxmayıb”.
“Ölkədə yenidən "nodulyar dermatit" xəstəliyi yayıla bilərmi” sualına Xidmət rəisi belə cavab: “Yay aylarında xəstəliyin yenidən yayılması istisna edilmir. Kənd təsərrüfatı nazirinin tapşırığına uyğun olaraq, virusla bağlı Dövlət Xidməti daima hazırlıq işləri görür”.
S. Rüstəmova onu da vurğulayıb ki, xəstəliklə bağlı xaricdən dərman preparatları gətirilib.
Dövlət Xidmətinin rəisinin sözlərinə görə, gələn ilin fevralından etibarən Azərbaycanda heyvanlar arasında peyvəndləmə aparılacaq.
S. Rüstəmovanın sözlərinə görə, "nodulyar dermatit" virus xəstəliyi ilə əlaqədar bağlanan bütün heyvan bazarları fəaliyyətlərini bərpa edib. Adətən heyvan satışının təşkil olunduğu bazar günlərindən öncə dizenfeksiya işləri həyata keçirilir.