Nazir keçi təsərrüfatında olub, qoyunlara baxış keçirib
01 dekabr 2014 10:10 (UTC +04:00)

Nazir keçi təsərrüfatında olub, qoyunlara baxış keçirib

Noyabrın 29-da kənd təsərrüfatı naziri Heydər Əsədov Ağcabədi rayonunda fəaliyyət göstərən “BMS Aqro” MMC-nin keçi təsərrüfatında olub. Lent.az-ın məlumatına görə, fermaları gəzən nazir bu yaxınlarda İspaniya və Fransadan gətirilmiş “Asaf” və “Şarole” cinslərindən olan qoyunlara baxış keçirib.

 

“BMS Aqro” MMC-nin təsisçisi Mülhazi Balakişiyev məlumat verib ki, təsərrüfat hər biri 1300 başlıq fermalar, təkə, revir, çəpiş üçün binalardan, baş ofis, sağımxana və sağımxana ofisindən ibarətdir. Binalar müasir qaydalara uyğun olaraq nizamlanıb, heyvanların sağlığı və əlverişli mühitdə saxlanması üçün lazımi şərait yaradılıb. Təsərrüfat ən müasir ferma avadanlığı – avtomatik yönəltmə və yemləmə, paralel tipli sağım sistemi və xüsusi texnikalarla təchiz edilib, işçilərin çalışmaları və istirahətləri üçün hər cür şərait yaradılıb. Hazırda təsərrüfatda Hollandiyadan və Fransadan gətirilmiş 4287 baş “Saanen” və “Alpin” cinsli damazlıq keçilər var.

 

Bildirilib ki, bu yaxınlarda fermaya İspaniyadan 900 baş “Asaf” cinsli və 11 baş “Şarole” cinsli qoyunlar gətirilib. “Ətlik-südlük istiqamətli “Asaf” cinsli qoyunların laktaziya dövründə süd verimi 250-450 litrdir. Bu qoyunlar yerli qoyun cinsləri ilə müqayisədə 5-8 dəfə çox süd verirlər. Ətlik istiqamətli “Şarole” cinsli qoyunların 1 yaşında ət verimi 55-60 kiloqramdır. Bu qoyunlar gələcəkdə yaradılacaq ailə təsərrüfatlarına da veriləcək. Bu yaxınlarda təsərrüfata daha 1169 cins qoyun gətiriləcək.

 

H. Əsədovun sözlərinə görə, son illər dünyada baş verən iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyinin ön plana çəkilməsi fonunda ölkəmizdə kənd təsərrüfatı sahəsinə diqqət artırılıb: “Prezident İlham Əliyev qarşımıza ölkənin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək vəzifəsini qoyub. Ölkəyə cins heyvanların gətirilməsi, kənd təsərrüfatının inkişafı üçün maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı verilən fərmanlar da bu strategiyanın yerinə yetirilməsinə yönəldilib”.

 

Təsərrüfatın fəaliyyəti ilə yaxından maraqlanan nazir müvafiq tapşırıq və tövsiyələr verib.

# 996
avatar

Oxşar yazılar