Azərbaycan Dünya İqtisadi Forumunun (WEF) “Dünya ticarətinə cəlb edilmə 2014” (The Global Enabling Trade Report 2014) adlı hesabatında 138 ölkə arasında 77-ci pillədə yerləşib.
“APA-Economics”ın məlumatına əsasən, Azərbaycan sözügedən hesabatda dörd pillə irəliləyib. Belə ki, 2012-ci ildə hazırlanmış sonuncu hesabatda ölkəmiz 81-ci mövqedə qərarlaşıb.
Qeyd edək ki, WEF-in dərc etdiyi sənəd 138 ölkəni əhatə edib və “Daxili bazara çıxış”, “Sərhəddə inzibati idarəetmə”, “İşgüzar mühit” və “Nəqliyyat və kommunal infrastruktur” kimi dörd göstərici əsasında tərtib olunub. Daxili bazara çıxış göstəricisi üzrə Azərbaycan 2014-cü ildə 66-cı, sərhəddə inzibati idarəetmə üzrə 94-cü, ölkə işgüzar mühit göstəricisi üzrə 58-ci, infrastruktur səviyyəsi üzrə isə 45-ci olub.
Sənəddə həmçinin Azərbaycanda ticarətin sadələşdirilməsi üzrə tədbirlər və digər sahələrdə əldə etdiyi uğurlar qeyd olunur. Belə ki, ölkədə "Gömrük şəffaflığı indeksi" göstəricisi üzrə 39-cu, “Dövlət tənzimləmə normalarına uyğunluğun sadəliyi" üzrə 19-cu, “Xarici iştiraka açıqlıq” komponentləri üzrə 34-cü, “Əcnəbi işçi qüvvəsini işəgötürmə sadəliyi” üzrə 30-cu, “Cinayətkarlıqla bağlı məsrəflər” üzrə 45-ci, “Hava nəqliyyatı infrastrukturunun keyfiyyəti” üzrə 46-cı, “Dəmiryol infrastrukturunun keyfiyyəti” üzrə 35-ci, “Nəqletmə növünün dəyişməsinin səmərəliliyi” üzrə 43-cü, “Biznes-biznes sövdələşmələrində İKT-dən istifadə” üzrə 46-cı, həmçinin “Biznes-müştəri sövdələşmələrində İKT-dən istifadə” komponentləri üzrə 50-ci yeri tutub.
Hesabata Sinqapur başçılıq edir. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Honq Konq və Niderland qərarlaşıb.