Nazirlər Kabineti “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.
APA-nın məlumatına görə, dəyişiklik “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) kollegial icra orqanı olan İdarə Heyətinin səlahiyyətləri ilə bağlıdır.
Dəyişikliyə əsasən AZAL İdarə Heyətinin səlahiyyəti azaldılıb. Bundan sonra İdarə Heyəti “Azərbaycan Hava Yolları” QSC-nin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri AZAL-ın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərarın qəbul edilməsi üçün Dövlət Mülki Aviasiya Administrasiyasına müraciət etməlidir. İdarə Heyəti aidiyyəti şəxslə dəyəri “AZAL-ın aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında isə qərar qəbul etmək səlahiyyətində olacaq.