Avropa Komissiyası TAP-ın tikintisi barədə sazişi təsdiqlədi
03 mart 2016 18:37 (UTC +04:00)

Avropa Komissiyası TAP-ın tikintisi barədə sazişi təsdiqlədi

 

Maroş Şevçoviç: “TAP üzrə sazişin təsdiqlənməsi Aİ-nin enerji təhlükəsizliyi baxımından aparıcı layihə olan “Cənub qaz dəhlizi”nin həyata keçirilməsi yolunda vacib addımdır”

 

Bu gün Avropa Komissiyası Transadriatik qaz boru kəmərinin (TAP) tikintisi haqqında Yunanıstan hökuməti ilə “Trans Adriatic Pipeline AG” şirkəti arasında imzalanmış sazişi Avropa İttifaqı qanunvericiliyinə uyğun sayaraq təsdiqləyib.

 

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, qərarda bildirilir ki, tikintini özəl investorlar maliyyələşdirəcək və sazişdə nəzərdə tutulan xüsusi vergi rejimi Aİ qaz bazarında rəqabətə neqativ təsir göstərməyəcək, yeni qaz nəqli marşrutunun ortaya çıxması isə rəqabəti artıracaq. Aİ TAP vasitəsilə qaz nəqlinin 2020-ci ildə başlayacağına və həmin ildən etibarən Aralıq dənizinin dibi ilə ildə 10 milyard kubmetrə yaxın qaz nəql olunacağına ümid edir ki, bu da İtaliyanın istehlakının 17%-nə yaxınını təmin edəcək və Avropanın cənubunun indiki təchizatçılardan asılılığını azaldacaq.

 

“Bu gün TAP üzrə sazişin təsdiqlənməsi Aİ-nin enerji təhlükəsizliyi baxımından aparıcı layihə olan “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi yolunda vacib addımdır və Avropa üçün yeni qaz mənbələri açır”, - deyə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç bildirib.  

 

Qeyd edək ki, TAP layihəsi İsveçrədə yaradılmış “Trans Adriatic Pipeline AG” şirkəti tərəfindən həyata keçiriləcək. Bu şirkətin səhmdarları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR (20%), BP (20%), İtaliyanın “Snam” (20%), Belçikanın “Fluxys” (19%) İspaniyanın “Enagas” (16%) və İsveçrənin “Axpo” (5%) şirkətləridir. 

 

TAP Cənubi Qafqaz və Trans-Anadolu (TANAP) qaz kəmərlərinin davamı olaraq bir yerdə “Cənub qaz dəhlizi”ni təşkil edəcək. Azərbaycanın “Şahdəniz” yatağından hasil olunacaq təbii qaz bu dəhlizlə Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə Avropanın cənubuna çatdırılacaq. Nəqlin başlanması Avropanın cənubunun “Qazprom”dan asılılığını azaltmağa xidmət edəcək. Belə ki, 2015-ci ilin yekunlarına əsasən İtaliya Almaniya və Türkiyədən sonra “Qazprom”un üçüncü önəmli müştərisi olub. İtaliyanın “Qazprom”dan aldığı qazın həcmi 24,42 milyard kubmetr təşkil edib. 

 

Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Əhməd Davudoğlu TANAP kəmərinin tikintisinin sürətləndirilməsi barədə razılığa gəliblər. Bu kəmərlə 16 milyard kubmetr qaz nəql olunacaq ki, həmin həcmin 6 milyardını Türkiyə götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299
avatar

Oxşar yazılar