Avropa Azərbaycan Cəmiyyəti Böyük Britaniyada brifinq təşkil edib
28 oktyabr 2014 19:11 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyəti Böyük Britaniyada brifinq təşkil edib

0
Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Böyük Britaniyada yerləşən və Orta Asiya və Cənubi Qafqaz ölkələrinə istiqamətlənən şirkətlərdən ibarət şirkətlərarası şəbəkə olan “CATBİG” ilə birgə əməkdaşlıq şəraitində brifinq təşkil edib.

 

Cəmiyyətdən APA-ya verilən xəbərə görə, tədbirə 60-dan artıq diplomat və Böyük Britaniyanın enerji, maliyyə xidmətləri, informasiya texnologiyaları, infrastruktur və kənd təsərrüfatı sektorunu təmsil edən nümayəndələr qatılıb.

 

Brifinqdə vurğulanıb ki, Böyük Britaniya Azərbaycana birbaşa xarici sərmayə sahəsində ən böyük dəstək göstərən ölkə olaraq qalır. Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən 2014-cü ilin birinci yarısında Böyük Britaniya şirkətlərinin sərmayəsi ümumi xarici sərmayənin (1,3 milyard ABŞ dolları) 32,2 faizini təşkil edib. 2013-cü ildə Azərbaycan hökuməti ilə BP şirkəti tərəfindən idarə olunan “Şahdəniz” Konsorsiumu arasında bağlanmış 45 milyard ABŞ dolları dəyərində müqavilə imzalandıqdan sonra Azərbaycanın Böyük Britaniya və bütün Avropa üçün əhəmiyyəti daha da artıb. 2018-ci ildən başlayaraq Xəzər dənizində “Şahdəniz II” yatağından çıxarılan qaz İtaliyada yerləşən birləşdiriciyə ötürüləcək.

 

Böyük Britaniya parlamentinin üzvü, baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistandakı ticarət üzrə elçisi Çarlz Hendri bildirib ki, ölkələr arasında çox gözəl münasibətlər mövcuddur və Britaniya şirkətləri üçün imkanların hansı sahələrdə olduğunu müəyyən etmək lazımdır: “Böyük Britaniya və Azərbaycan hökumətlərinin tərəfdaş təşkilatlar arasında əməkdaşlığın prioritetlərini müəyyən etməsi vacibdir ki, Britaniya şirkətləri daha yaxşı gəlir əldə edə bilsinlər. Hazırda münasibətlər daha çox neft və qaz ətrafında cəmləşib. BP Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra ölkədə ilk investorlardan biri olub. Azərbaycan prezidenti İlham Əliyev BP haqqında danışarkən onu gələcək 20-30 il üçün seçilən bir tərəfdaş kimi dəyərləndirib. Böyük Britaniya parlamentinin üzvü, Britaniyanın keçmiş xarici işlər naziri Uilyam Haguenin iştirakı ilə 2013-cü ilin dekabr ayında imzalanmış Azərbaycan hökuməti ilə BP şirkəti tərəfindən idarə olunan “Şahdəniz” Konsorsiumu arasında Yekun Sərmayə Qərarı bu münasibətlərdə növbəti mərhələ kimi qəbul edilə bilər. Bu, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi istiqamətində ilk addımdır. Sözügedən layihə Azərbaycanın Xəzərdən çıxarılan qazını Cənubi Avropaya gətirəcək və Avropanın enerji təhlükəsizliyini və enerji təchizatında müxtəlifliyini təmin edəcək”.

 

Ç. Hendri daha sonra qeyd edib ki, hazırda Azərbaycanda təxminən 500 Britaniya şirkəti və 5 min Britaniya vətəndaşı çalışır. Onların çoxu BP şirkəti ilə əlaqəlidir və onun tərəfdaşlarıdır: “İndi biz bu münasibətləri enerji sektorundan daha irəli çəkməli və Azərbaycanda yerli əhali üçün imkanların yaranmasına yardım etməliyik”.

 

Ç. Hendrinin sözlərinə görə, hazırda Sumqayıt Kimya Sənayesi Parkı tikilməkdədir və Britaniya şirkətlərinin bu sahədə gətirə biləcəyi bacarıqlar zəruridir. O qeyd edib ki, “Ağ Şəhər” layihəsinin həyata keçirilməsi sayəsində çirklənmiş torpaqlardan ibarət olan bir ərazi dünya səviyyəli otellərin inşası üçün yararlı hala gətirilib: “Əlbəttə, Britaniya şirkətləri dizayn, memarlıq və layihə idarə olunması baxımından yardımçı ola bilərlər. Həmçinin, informasiya texnologiyaları sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Maliyyə xidmətləri sektorunda böyük imkanlar var ki, bunlar hələ də inkişaf etdirilməyib. Bakı 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarının keçirilməsinə hazırlaşır və London-2012 Olimpiya oyunlarına cəlb olunmuş bir çox şirkətlər və mütəxəssislər Bakıda fəaliyyət göstərir. Mən əminəm ki,  Azərbaycan hökumətinin səyləri nəticəsində Bakıda keçirilməsi nəzərdə tutulan bütün beynəlxalq tədbirlər yüksək səviyyədə təşkil olunacaq”.

 

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə bəyan edib ki, iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik sahəsində maraqları demək olar ki üst-üstə düşür: “Biz istəyirik ki, Böyük Britaniya ilə münasibətlərimiz təkcə enerji resurslarının istismarı sahəsində əməkdaşlıqla kifayətlənməsin. 2003-cü ildən başlayaraq siyasi sabitlik və düşünülmüş makroiqtisadi siyasət nəticəsində ölkə müsbətə doğru dəyişib və 2013-cü ildə iqtisadiyyat 3,2 dəfə artıb. Ötən il birinci Azərbaycan peyki “AzerSpace-1” orbitə çıxarılıb və tezliklə ikinci peykin də buraxılmasına hazırlıq gedir. Bundan başqa, turizm sənayesinin inkişafına yönəlmiş bir çox layihələr uğurla həyata keçirilir. Cənubi Qafqazın ÜDM-nin 70 faizi Azərbaycanın payına düşür və 150-yə yaxın ölkə ilə ticarət əlaqələri var. Dünya İqtisadi Forumunun 2014-2015 üçün Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 38-ci yerdədir. İqtisadi inkişaf və siyasi ideallar baxımından Azərbaycan Böyük Britaniya ilə eyni prinsipləri tətbiq edir. İqtisadi məsələlər mənim səfir kimi fəaliyyətimdə əsas prioritet təşkil edir. Mənim vəzifəm istər enerji sektorunda, istərsə də qeyri-enerji sektorunda Böyük Britaniya şirkətləri üçün Azərbaycan iqtisadiyyatına asan çıxışı təmin etməkdən ibarətdir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 664

Oxşar yazılar