Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu Yevlax və Mingəçevir rayonlarında neft axtarışındadır. Bu barədə Lent.az-a Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bu ərazilərdən keçən Acınohur dağ silsiləsi ötən əsrin 40-60-cı illərində aparılmış geoloji tədqiqatlar nəticəsində perspektivli neft-qaz rayonu kimi qiymətləşdirilib. Həmin vaxt elmi nəzəri məlumatlar əsasında bu geoloji zolaqda kəşfiyyat quyuları qazılmış, lakin elmi texnologiyanın kasadlığı səbəbindən axtarışlar lazımi mərhələyə çatdırılmayıb.
Hazırda neft-qaz toplanma zonalarının geodinamik üsulla proqnozlaşdırılması üçün alqoritm və proqramların nəzəri əsasları hazırlanır. İşlər institutun Geodinamika və seysmologiya şöbəsi tərəfindən Dövlət Neft Şirkətinin Elm Fondunun qrant dəstəyi ilə həyata keçirilir.
Şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov bildirib ki, tədqiqatlar yeni axtarış üsulu olan kəşfiyyat geodinamikası əsasında aparılır. Burada müasir geodinamik hərəkətlər, geofiziki, radiokimyəvi və istilik sahələri, deformasiya prosesləri, həmçinin flüid dinamikasının fəza-zaman dəyişmələri barədə əldə edilən informasiya neft və qaz yataqlarının axtarışı və kəşfiyyatında istifadə olunur. Bu tədqiqat üsulları ilə hazırda yerin təkində geodinamik proseslərdə anomaliyalar izlənilir. Anomaliyaların aşkarlanması üçün Acınohur dağ silsiləsinə yaxın zonalarda, o cümlədən Şəkidə də tədqiqatlar həyata keçiriləcəkdir. Neft yataqlarının axtarışı məhz anomaliyaların müşahidəsi əsasında mümkün olacaqdır. İkiillik layihənin icrasına 2013-cü ilin oktyabrında başlanılıb.