Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Ümumdünya elm günü” çərçivəsində ilk dəfə olaraq “Elm Günləri” keçirilir.
Ali məktəbdən Lent.az-a verilən məlumata görə, “Elm Günləri”nin açılışında ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, tədbirin əsas məqsədi prezident İlham Əliyevin elm ictimaiyyəti qarşısında qoyduğu vəzifələrə İqtisad Universitetinin potensialı çərçivəsində dəstək vermək, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ictimai elmlərin mövcud vəziyyəti və onun yaxşılaşdırılması istiqamətində verdiyi tövsiyə və tapşırıqlardan irəli gələn vəzifələri yerinə yetirməkdir.
Rektor bildirib ki, “Elm Günlərü” çərçivəsində keçiriləcək tədbirlərin əsas müzakirə mövzusu ali təhsil ocağının elm mərkəzinə çevrilməsi yolları, eləcə də ADİU-da tələbə və müəllim elmi əməkdaşlığının yeni mərhələyə yüksəlməsi, universitetdə həyata keçirilən tədqiqatların ölkənin iqtisadi potensialının artırılmasına töhfə verməsidir.
Ali məktəbdə elmi tədqiqatlar apara biləcək alimlərin kifayət qədər olduğunu vurğulayan rektor bu fəaliyyəti həyata keçirmək üçün ADİU-da institusional dəyişikliklərə başlanıldığını bildirib: “Bura “Elm və innovasiyalar” və “Texnologiya transfer” mərkəzlərinin yaradılması daxildir. Əsas məqsədimiz odur ki, alimlərimizin kəşfləri, yenilikləri patentləşdirilərək marağı olan təşkilatlara satılsın. Əminəm ki, qısa vaxt ərzində bu sahədə nailiyyətlər əldə edə biləcəyik. ADİU-da növbəti institusionaldəyişikliklər sahəsində də işlər davam etdirilir. Bura ilk növbədə hər bir ixtisas kafedrasının nəzdində labaratoriyaların yaradılması daxildir”.
Rektor qeyd edib ki, alimlərin elmi fəaliyyətə həvəsləndirilməsinə dair tədbirlər nəzərdə tutulub. Bunun üçün universitetin 2015-ci il üçün hazırlanacaq büdcəsində elmi tədqiqatların stimullaşdırılması məqsədi ilə vəsait ayrılacaq.
ADİU-da “Elm Günləri” noyabrın 13-dək davam edəcək. Üç gün ərzində simpozium, seminar, dəyirmi masa, təlim, master-klasslar, tanınmış alimlərlə görüş və elmi mühazirələrin keçirilməsi nəzərdə tutulub.