"Gətirilən mallar vətəndaşın öz tələbatını ödəmək üçün ola bilər" - Aydın Əliyev
28 oktyabr 2015 16:13 (UTC +04:00)

"Gətirilən mallar vətəndaşın öz tələbatını ödəmək üçün ola bilər" - Aydın Əliyev

 

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanı şərh edib.

 

 

"APA-Economics"in xəbərinə görə, A. Əliyev bildirib ki, fərman kommersiya və istehsalat məqsədləri üçün gətirilməyən mallardan gedir: "Bu sahədə olan strategiya müəyyənləşib. Bu fərmanın tətbiqi Azərbaycan əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Söhbət sahibkarlıqdan gedə bilməz. Çünki söhbət burada kommersiya və istehsalat məqsədləri üçün gətirilməyən mallardan gedir. Gətirilən mallar vətəndaşın öz tələbatını ödəmək üçün ola bilər".

 

Komitə sədri bildirib ki, ölkə başçısının verdiyi tapşırıqlara əsasən, dövlət büdcəsi vergi və gömrük rüsumları hesabına formalaşdırılmalıdır. "Buna görə, kommersiya və istehsalat tələbatı üçün gətirilən mallar mövcud olan qanunvericiliyə əsasən vergiyə cəlb olunacaq", - deyə DGK sədri qeyd edib. 

 

Yeniliyin büdcə daxilolmalarına təsir edib-etməyəcəyinə gəlincə, A.Əliyev deyib ki, bu barədə yalnız müəyyən hesablamalar aparıldıqdan sonra dəqiq nə isə demək olar.

 

Xatırladaq ki, ölkə başçısı tərəfindən imzalanan fərmana əsasən, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir.

 

DGK-ya tapşırılıb ki, “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiq edilməsi barədə” prezidentin 2011-ci il 3 mart tarixli fərmanının 3.1-ci və 3.2-ci bəndlərinə uyğun olaraq, gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısının dövlət sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirildiyinə dair məlumatı 1 ay müddətində Azərbaycan prezidentinə təqdim etsin.

 

Nazirlər Kabineti isə normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin etməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində Azərbaycan prezidentinə məlumat verməlidir.

 

Öz növbəsində Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

# 226
avatar

Oxşar yazılar