Bu barədə «APA-Economics»ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.
Məlumata görə, bununla əlaqədar normativ hüquqi sənədlər qəbul edilib, xidmətin fəaliyyəti üçün tələb olunan avadanlıqlar, yəni həm mərkəzi baza sistemi avadanlıqları, həm də mobil operatorların şəbəkələrində tələb olunan avadanlıqlar quraşdırılıb, mobil operatorların şəbəkədaxili yığımları standart formata uyğunlaşdırılıb, aidiyyəti müqavilələr bağlanılıb və müvafiq test-sınaq işləri həyata keçirilərək müvəffəqiyyətlə başa çatdırılıb.
Bu xidmət ümumi istifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi mobil telefon nömrəsinin (şəbəkə kodu və nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə xidmət göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır.
Qeyd olunan xidmətin Azərbaycanda ilk dəfə tətbiq edildiyi və bununla bağlı abunəçilərin xidmətə olan maraqları nəzərə alınaraq, mövcud şəbəkələr və müştəri xidmətlərinin tam hazırlıq vəziyyətinə gətirilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən aidiyyəti operatorlara müvafiq tapşırıqlar verilib.
Xidmətin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından effektiv istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.