İstifadəyə yarasız məhsullar məhv edilib. Bu barədə Lent.az-a Vergilər Nazirliyindən məlumat verilib. Belə ki Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin əməkdaşları, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin və "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndələri ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən inzibati ərazidə aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, istifadəyə yararsız, keyfiyyətsiz tütün və alkoqollu içki məmulatlarının məhv edilməsini həyata keçiriblər.
Məhkəmə orqanlarının qərarları ilə müsadirə olunan və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən istifadəyə yararsız hesab olunmuş 27 min 56 manat dəyərində 2 min 77 ədəd alkoqollu içki və 20 min 575.6 manat dəyərində 9 min 914 qutu tütün məmulatları "Təmiz şəhər" ASC-nin Balaxanı qəsəbəsində yerləşən məişət tullantılarının yandırılması üçün nəzərdə tutulmuş inzibati ərazisində məhv edilib.