2017-ci il ərzində Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən dövlət elektroenergetika və enerji təchizatı müəssisələrində, elektrik enerjisi istehlakçılarında 634 texniki, 84 təkrar, 8 kompleks araşdırma və digər araşdırma aparılıb.
“APA-Economics”in məlumatına görə, bu barədə Energetika Nazirliyinin 2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir.
Məlumata görə, 2017-ci il üçün Energetika Nazirliyinin təsdiq etdiyi iş planına əsasən “Azərenerji” və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə Mingəçevir SESS, Şəmkir SESS, 110/35/10 kV-luq “Yevlax”, “Günəşli”, “Tüklə”, “Binə”, “Gəncə III”, “Xudat”, “Şahdağ”, “ETK-4”, “Tovuz”, “8–ci km”, “Xudat”, “Yasamal-1” yarımstansiyalarında elektrik qurğularında avadanlıqların texniki istismar, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının vəziyyəti üzrə araşdırmalar aparılıb və müvafiq aktlar tərtib edilib. Aparılmış araşdırmalar zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilib.
İl ərzində Dövlət Enerji Nəzarəti İdarəsinin regional bölmələrinin əməkdaşları tərəfindən 1320 inzibatı protokol tərtib edilərək, 119190 manat məbləğində cərimə tətbiq edilib ki, bu məbləğdən 110830 manat məbləğin ödənilməsi təmin edilib. Əvvəlki illərlə müqayisədə 2017-ci il ərzində istər tərtib edilmiş inzibati protokolların sayında, istərsə də tətbiq edilmiş inzibati cərimənin miqdarında azalma olub. Buna səbəb sahibkarlıq sahəsində yoxlamaların müvafiq qanuna əsasən 01.11.2015-ci il tarixində dayandırılmasıdır.
Eyni zamanda, elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulması və digər hüquqpozmalarla əlaqədar aşkar edilmiş inzibati xətaların aradan qaldırılması üçün aidiyyəti orqanlara müvafiq təqdimatlar göndərilib.
İdarə tərəfindən aparılmış araşdırmalar nəticəsində 2017-ci il ərzində “Azərişıq” ASC-nin regional bölmələri üzrə ümumilikdə 108 obyektin gücü 2662,0 kVt və 35872 kVA olmaqla “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərini pozaraq, texniki sənədləşdirmə aparılmadan elektrik şəbəkələrinə qoşulduğu aşkar edilib.
Pozuntularla elektrik şəbəkələrinə qoşulmuş obyektlər barəsində tədbir görülməsi, o cümlədən onlara elektrik enerjisi verilişinin dayandırılması barədə Dövlət Enerji Nəzarəti İdarəsinin regional bölmələri tərəfindən enerji təchizatı müəssisələrinə tələbnamələr verilib və müraciətlər edilib.
2017-ci ilin 12 ayı ərzində pozuntu halı aşkar edilmiş 108 obyektdən 27 obyektin fəaliyyəti dayandırılıb, 74 obyekt sonradan sənədləşdirilib, 5 istehlakçının elektrik qurğu və avadanlıqlarının istismarına qadağalar qoyulub. Obyektlərin qaydalara əməl edilmədən qoşulmasına görə onların məsul şəxslərinə və enerji təchizat müəssisələrinin vəzifəli şəxslərinə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun inzibati cərimələr tətbiq edilib.
Energetika Nazirliyinin təsdiq etdiyi iş planına uyğun olaraq Dövlət Enerji Nəzarəti İdarəsinin regional bölmələri tərəfindən enerji sistemin dayanıqlı və etibarlı işləməsinin təmin edilməsi ilə əlaqədar “Azərişiq” ASC-nin Regional Enerji Təchizatı və Satışı İdarələrində 2017-ci il üzrə baş vermiş qəza və işdə imtinalar araşdırılıb.
2017-ci il üzrə Energetika Nazirliyinə və bilavasitə Dövlət Enerji Nəzarəti İdarəsinə daxil olmuş 235 şikayət ərizəsi aidiyyəti üzrə regional bölmələrə göndərilib, həmin bölmələr tərəfindən vaxtında icrasının təmin olunmasına nəzarət edilmiş və nəticələri barədə tərtib edilmiş sənədlərin müvafiq qanunların, qaydaların tələblərinə uyğun hazırlanması yoxlanılıb. Bunlardan 126 müraciət müsbət, 50 müraciət qismən həll olunub, 42 müraciət əsassız sayılıb, 20 müraciət isə icraatdadır.
Dövlət Enerji Nəzarəti İdarəsinin müfəttişləri tərəfindən 2017-ci ilin 12 ayı üzrə ümumi gücü 29555,0 kVt və 768361 kVA olmaqla 1042 obyektə istismara buraxılış aktı verilib.