Xəzər dənizinin Azərbaycan yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun işlənməsi və istismarı layihəsinə bu il təxminən 2 mlrd. ABŞ dolları həcmində sərmayənin yatırılması planlaşdırılır.
«APA-Economics»in xəbərinə görə, bunu «Reuters»ə müsahibəsində layihənin operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrel bildirib: «2014-cü ildə AÇG-yə təxminən 2 mlrd. dollar xərcləyəcəyik. Bu, ötən ilki xərcdən nisbətən azdır».
Q.Birrel bildirib ki, builki vəsait AÇG-də 19 quyunun qazılmasına sərf olunacaq.
Qeyd edək ki, keçən il AÇG-yə çəkilən əsaslı xərclər 2,8 mlrd. dollar təşkil edib. Bunun əsas hissəsi «Qərbi Çıraq» platformasının tikintisinə xərclənib. Şirkət «Qərbi Çıraq» platformasından neft hasilatına başladığını ötən ay açıqlayıb və bildirib ki, bu il platformadan orta hesabla gün ərzində 60 min barel neft hasil olunacaq.
Şirkətin regional rəhbəri əlavə edib ki, AÇG-də hasilat bu il nisbətən az olacaq. Buna səbəb isə «Mərkəzi Azəri» və «Qərbi Azəri» platformalarında planlaşdırılmış təkmilləşdirmə işlərinin aparılması olacaq. Bu, platformada əməliyyatların bir neçə həftə dayanmasına səbəb olub. Bu işlərin Azərbaycan Dövlət Neft Şirkəti ilə razılışdırıldığını vurğulayan Q.Birrel fasilənin nə vaxt bitəcəyini açıqlamayıb.
Xatırladaq ki, 2013-cü ildə AÇG-də hasilat 2,2% azalaraq 32,9 mln. tondan 32,2 mln. tona (gündəlik – 650 min barel) düşüb.