“Hesabat dövründə dövlət büdcəsinin mədaxili 106,1 faiz yerinə yetirilməklə büdcəyə səfərbər edilmiş 4 milyard 482,7 milyon manat vəsaitin 1 milyard 762,9 milyon manatı Vergilər Nazirliyinin, 330,4 milyon manatı Dövlət Gömrük Komitəsinin, 2 milyard 342,6 milyon manatı isə Dövlət Neft Fondunun hesabına təmin edilib”. Lent.az-ın məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Dövlət Neft Fondundan edilən transfertlər istisna olmaqla, dövlət büdcəsinə daxilolmaların 36,7 faizi neft-qaz sektorunun, 63,3 faizi isə qeyri-neft-qaz sektorunun payına düşüb.
”Hesabat dövründə dövlət büdcəsinin xərcləri 4 milyard 374,3 milyon manat icra edilib. Büdcə xərclərinin 21,8 faizi və ya 954,3 milyon manatı sosial yönümlü olmaqla, 2013-cü ilin birinci rübü ilə müqayisədə 58,2 milyon manat və ya 6,5 faiz çox təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə təhsil xərclərinə 8,5 faiz, səhiyyə xərclərinə 18,6 faiz çox vəsait yönəldilib”.
Nazirin sözlərinə görə, ölkədə uğurlu investisiya siyasətinin aparılması nəticəsində bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard 125,9 milyon manat vəsait yönəldilib ki, bu da 2013-cü ilin birinci rübü ilə müqayisədə 7 faiz çoxdur.
”Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1014 sahibkara 44,7 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına da 2400-dən çox yeni iş yeri yaradılıb. Ayrılan güzəştli kreditlərin 76,5 faizi aqrar sektorun, 23,5 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib”.
F. Məmmədov sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından danışaraq bu istiqamətdə xüsusi Dövlət proqramlarının icra olunduğunu söyləyib. Vergilər naziri “Sənaye ili” çərçivəsində vergi güzəştlərinin tətbiqinin sənayenin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.