APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu TRASEKA nəqliyyat dəhlizi layihəsinin hökumətlərarası komissiyasının Azərbaycan üzrə Milli katibi Akif Mustafayev bildirib.
Onun sözlərinə görə, o, aprelin 2-də Tiflisdə “Loqistika prosesləri və dəniz magistralı” layihəsinin II yekun konfransındakı çıxışında Azərbaycanda həyata keçirilən infrastruktur layihələrin icra olunmasından və nə zaman istifadəyə verilməsindən, eyni zamanda, Azərbaycanın imkanlarından söhbət açıb: “Çıxışımda Azərbaycanda çox mühüm layihələrin həyata keçirilməsindən, bu layihələrə böyük həcmdə investisiya ayrıldığından və bu layihələrin gələcəkdə İpək Yolu istiqamətində Azərbaycanın tranzit və əlaqələndirici dövlətə çevriləcəyi barədə ətraflı məlumat verdim.. Azərbaycanda yollar, körpülər tikilir, müxtəlif layihələrin istifadəyə verilməsi planlaşdırılıb. Bu layihələrdən biri Bakı-Tiflis-Qars layihəsidirsə, digəri Bakı Dəniz Limanıdır, ondan sonra Azərbaycan-Gürcüstan yolu tikilir, bu böyük İpək Yolunun bir hissəsidir. Azərbaycan hökuməti bu layihələrə böyük vəsait ayırıb. Düşünürəm ki, Azərbaycan yaxın zamanlarda bu layihələrin çox böyük müsbət nəticəsini və bəhrəsini görəcək.”
A.Mustafayev APA-ya açıqlamasında Azərbaycanın infrastrukturun inkişafı məsələlərində heç bir problemi olmadığını bildirib: “Ancaq müəyyən məsələlər var ki, biz bu məsələləri beynəlxalq təşkilatların qarşısında qaldırmalıyıq. Biz layihələrin həyata keçirlməsində gələcəkdə maneələrin yaranmaması üçün kompleks proqramların həyata keçirilməsinin vacibliyini irəli sürdük. Ən əsası odur ki, gömrükdə sənədləşmə məsələləri TRASEKA ölkələrinin hamısında eyni olsun. Çalışırıq ki, gələcəkdə TRASEKA nəqliyyat dəhlizinin istismara verilməsindən sonra Azərbaycan Asiya və Avropa arasında mərkəz kimi dünya ölkələri içində tanınsın.”
Akif Mustafayev aprelin 3-də TRASEKA-nın Milli Katiblərinin iştirakı ilə koordinasiya iclasının keçiriləcəyini də bildirib.