“Amrahbank” ASC əsassız informasiya yazan media orqanlarını məhkəməyə verir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Amrahbank” oktyabrın 16-da bəzi mətbu orqanlarda haqqında yayılan, həqiqətə uyğun olmayan əsassız fikirləri təkzib edərək, bankın öz dinamik inkişafını davam etdirdiyini bildirir.
Məlumata görə, “Amrahbank” haqqında həqiqətə uyğun olmayan, işgüzar nüfuzuna xələl gətirən informasiyalar yayan media orqanlarına qarşı hüquq müstəvisində tədbirlər həyata keçiriləcək, müvafiq media orqanına qarşı məhkəmə iddiası qaldırılacaq.
“Daim öz müştərilərinin məmnunluğunu düşünən bank Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərini həyata keçirməyə xüsusi diqqət verir. Bunun göstəricisi olaraq Azərbaycan Mərkəzi Bankı tərəfindən təyin edilmiş məcmu kapital normasını icra edib. Belə ki, PWC Audit Şirkəti tərəfindən təsdiq edilmiş audit hesabatında bu məsələ öz təsdiqini tapıb”, - deyə məlumatda vurğulanır.
Bankdan o da bildirilib ki, “Amrahbak”ın məcmu kapitalı 55,5 mln. manatı keçib. Bankın aktivləri keçən ilin müvafiq dövrünə nisbətdə 40% artaraq 160 mln. manata çatıb. Bankın bu il ərzindəki mənfəəti 4,986 mln. manat təşkil edib.
Qeyd edək ki, Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com) 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.