Vergilər Nazirliyi operativ nəzarət tədbirləri haqqında məlumat yayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, 2013-cü il ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 92 min 810 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
24 min 915 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 6 min 213 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu müəyyən edilib.
Valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 3 min 167 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 6 min 772 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən olunub.