“Azərbaycanın milli telekommunikasiya peyki “Azərspace” orbitə çıxarılmamışdan əvvəl ölkə əhalisinin bir qismi çanaq antenalarını Türkiyə, Rusiya və eləcə də Avropa ölkələrinin peyklərinə tuşlayaraq onların yayımladığı telekanallara baxırdı”.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ildə ilk telekommunikasiya peykimiz fəaliyyətə başladıqdan sonra bu sahədəki vəziyyət müsbətə doğru dəyişməkdədir.
“Azərspace”də yayımlanan kanalların sayının günü-gündən çoxalması və yayımın keyfiyyətli şəkildə əhaliyə çatdırılması ona olan marağı artırıb. Hazırda milli telekommunikasiya peyki vasitəsilə yayımlanan telekanallara baxanların sayı artıb. Təqribi hesablamalara görə, təkcə Azərbaycanda bu gün 1 milyondan artıq çanaq antenası “Azerspace-1” peykinə tuşlanıb.
Hazırda “Azərspace-1” peyki üzərindən 60-dan çox yerli və xarici televiziya və radio kanalı yayımlanır. Əhali bu kanalları tam ödənişsiz olaraq izləyə bilər. Bunların 51-i televiziya, 13-ü isə radio kanalıdır.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan mətbuatında Ukraynanın bir neçə televiziya kanalını “Azərspace” üzərindən yayımlamaq niyyətində olması ilə bağlı informasiyalar yayılıb. "Azərkosmos"dan sözügedən məlumatlarla bağlı da rəsmi mövqe açıqlanıb: “Hazırda Ukraynanın bir kanalı “Azerspace-1” peyki vasitəsilə yayımlanır”.