Romantik tətil: Qətər sevgililərə unudulmaz təəssüratlar vəd edir – FOTO
09 fevral 2024 12:00 (UTC +04:00)

Romantik tətil: Qətər sevgililərə unudulmaz təəssüratlar vəd edir – FOTO

Sevgililər Gününə az qalıb, bu isə o deməkdir ki, romantik tətil keçirmək üçün məkan axtarışında olan cütlüklər artıq seçim etməyə başlayıblar.

Əgər sevgilinizlə yeni və maraqlı məkan axtarırsınızsa, niyə də seçiminiz Qətər olmasın? Azərbaycanlı turistlərin hələ də tam kəşf etmədiyi bu heyrətamiz ölkə sevgililərə unikal təəssüratlar vəd edir. Futuristik memarlığa və zəngin mədəni irsə malik Qətər romantik istirahət üçün getdikcə daha populyar istiqamətə çevrilir.

Sevgililər Gününü qeyd etmək, bal ayını keçirmək, evlilik təklifi etmək, yaxud sadəcə tətilinizi keçirmək üçün Qətərə gəldiyiniz zaman istirahətinizi unudulmaz edəcək çoxsaylı seçimlərlə qarşılaşacaqsınız. Onların sayı o qədər çoxdur ki, sadalamaqla bitməz. Bu yazıda sizə təkcə sonsuz qum təpələri və yerli əhalinin qonaqpərvərliyi ilə deyil, həm də Qətərə səyahətinizi unudulmaz edəcək romantik anlarla zəngin heyrətamiz səyahətdən bəhs edəcəyik.

Gəlin Qətərin ən romantik guşələrini birlikdə kəşf edək.

Romantik istirahət

Şəhərin səs-küyündən bezmisiniz? Elə isə hotelinizi bron edərkən seçiminizi ənənəvi ərəb üslubunda layihələndirilmiş, romantik istirahət üçün ideal “Sharq Village & Spa, a Ritz-Carlton Hotel” dəbdəbəli kurortu üzərində saxlayın. Çimərlikdə, körfəzə açılan mənzərəli ərazidə yerləşən hoteldə dəbdəbəli spa mərkəzi və Qətərdə 2 nəfərlik şam yeməyi üçün ən romantik məkanlardan biri olan “The Zarb Experience” yerləşir ki, burada qonaqlar dəniz sahilində qurulmuş Şərq çadırlarında yerli delikateslərdən dada bilərlər.

Alternativ olaraq, Dohada yerləşən özəl dəbdəbəli ada olan “Banana Island Resort by Anantara”nı seçə bilərsiniz. Burada sizə ərəb üslubunda dizayn edilmiş dəniz mənzərəli, eleqant və dəbli otaqlar və villalar təklif ediləcək.

İkinəfərlik ekskursiyalar

Qətərdə 2 nəfərlik gecə sərgüzəştlərinin müxtəlifliyi sadəcə heyrətamizdir. Siz “dau” adlanan ənənəvi qayıqlarda körfəz boyunca romantik kruizə çıxa və nəhəng bir ləl-cəvahirat kimi parlaq işıqlara qərq olan Dohanın panoramından həzz ala bilərsiniz.

Bundan başqa, siz qum təpələri arasında hər anı sehr dolu gecə safarisinə çıxa biləriniz ki, burada dəvəyə minmək və unudulmaz qürubu izləmək imkanınız olacaq. Hüdudsuz səmada parlaq ulduzların möhtəşəm mənzərəsi bu ekskursiyadan alacağınız misilsiz təəssüratı daha da artıracaqdır.

Günü başa vurmaq üçün Daxili dənizin sahilində yerləşən “Regency Sealine Resort” düşərgəsinin dəbdəbəli çadırlarında gecələyə bilərsiniz. Bu, romantik səhra macəranızın mükəmməl davamı olacaq.

Romantik gəzinti

Əzəmətli Qətər Milli Muzeyinin və İslam İncəsənəti Muzeyinin yerləşdiyi Korniş bulvarında gəzintini mütləq Dohaya səfər proqramınıza daxil etməlisiniz. Gəzintiyə fasilə vermək, həmçinin Qətər incəsənəti və mədəniyyəti ilə tanış olmaq üçün bu muzeylər ideal dayanacaqdır. 

Gəzinti proqramına şəhərin ən koloritli görməli yerlərindən birini - dar küçələri, bazar meydanı, daş və ağacdan tikilmiş evləri, saysız-hesabsız mağazaları və alış-veriş məkanları ilə qədim Şərq bazarının atmosferinə qərq olacağınız qələbəlik Suk Vakif (“Souq Waqif”) bazarını da daxil edin. Dohaya romantik səfərinizdən xatirə kimi suvenirlər əldə edə biləcəyiniz Qızıl Bazar da burada yerləşir. Bu xatirələr hələ uzun müddət ruhunuzu və qəlbinizi isidəcək.

Sağlamlaşdırıcı və rahatlaşdırıcı SPA prosedurları

Qətər əla SPA mərkəzləri ilə tanınır. Buna görə də, sevgilinizlə 2 nəfərlik masaj seansı mütləq istirahət proqramınıza daxil edilməlidir. Məsələn, “Four Seasons Hotel Doha”da cütlüklər üçün ayrıca xüsusi SPA otağı var. Burada xüsusi prosedurlardan və masajdan, həmçinin fərdi bir və ya çoxgünlük SPA proqramlarından faydalana bilərsiniz.

Ruhunuzu tam yeniləmək istəyirsinizsə, Yaxın Şərqdə ənənəvi ərəb və İslam təbabətini birləşdirən ilk hotel olan “Zulal Wellness Resort by Chiva-Som”da nömrə bron edə bilərsiniz. Burada siz sevdiyiniz insanla birlikdə sağlamlığınızı bərpa edə və yaxşılaşdıra, həmçinin həyat tərzinizi müsbətə doğru dəyişə bilərsiniz.

Sizə həmçinin “Mandarin Oriental, Doha”da 2 nəfərlik nömrə sifariş etməyi tövsiyə edirik. Qətər paytaxtının mərkəzində fərqli üslubda dizayn edilmiş Mşeyreb (“Msheireb”) rayonunda yerləşən hotel qonaqlara cütlüklər üçün “Omnia Treatment”dən faydalanmaq imkanı təklif edir. Bura saç və baş dərisinə qulluq üçün spa prosedurları, gümrahlaşdırıcı masajlar və üz dərisinə qulluq prosedurları daxildir.

Romantik şam yeməyi

100-dən çox millətin nümayəndələrinin yaşadığı və işlədiyi Qətərdə siz yapon mətbəxindən italyan mətbəxinə, fransız mətbəxindən Qətər mətbəxinədək müxtəlif mətbəxlərin dadlı təamlarından ləzzət ala bilərsiniz.

Qətər romantik şam yeməyi üçün ideal məkanlarla zəngindir. Məsələn, əgər siz ləziz təamlarla yanaşı, həm də möhtəşəm mənzərələrdən həzz almaq istəyirsinizsə, “Banyan Tree Doha” hotelinin 27-ci mərtəbəsində yerləşən “Il Galante” italyan mətbəxi restoranına baş çəkə bilərsiniz. Yox, əgər sizi ənənəvi Qətər mətbəxi maraqlandırırsa, o zaman şam yeməyi üçün ideal məkan “Jiwan” restoranıdır. Restoranın Qətər Milli Muzeyində yerləşməsi yeməyinizə xüsusi əzəmət qatacaq. Onun terrasından körfəzə inanılmaz mənzərə açılır, yeməklərin dadı isə hətta ən tələbkar qurmanları belə heyran etməyə və razı salmağa qadirdir. Dənizin içinə daxil olan körpüdə yerləşən “Nobu” yapon mətbəxi restoranından da Dohanın panoram mənzərəsindən həzz ala bilərsiniz. “Fusion” üslubunda mətbəx üzrə ixtisaslaşmış bu restoranda yapon və ərəb mətbəxlərinin ənənələri uğurla harmoniya təşkil edir.

Xüsusi anlar yaşamaq istəyirsinizsə, göydələndə yerləşən helikopter meydançasında 2 nəfərlik şam yeməyi təşkil edə bilərsiniz. “JW Marriott Marquis City Center Doha” sizə özünüzü dünyanın zirvəsində hiss etmək imkanı yaradacaq. Burada sizin üçün istək və arzularınıza uyğun xüsusi menyu yaradılacaq.

2 nəfərlik şoppinq

2 nəfərlik şoppinq istənilən səyahətin ayrılmaz və əyləncəli hissəsidir. Sizə “Villaggio Mall”da yaradılmış Venesiya kanallarında qondolada üzməyi və ya dünyanın aparıcı brendlərinin və müxtəlif restoranların yerləşdiyi dəbdəbəli “Al Hazm Mall”da gəzintiyə çıxmağı tövsiyə edirik. Məşhur “Rosemary Café” isə sosial şəbəkələrdəki səhifələrinizdə "partlayış" effekti yaradacaq romantik kadrlar çəkdirmək üçün ideal məkandır.

Əgər Parisin ab-havasını duymaq istəyirsinizsə, “Katara Cultural Village”in düz yanında yerləşən “Galeries Lafayette” univermağına baş çəkə bilərsiniz. Burada alış-verişdən sonra Qətər mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanacaqsınız.

Qətərə aviabilet, hotel, səhər yeməyi, qrup transferi və sığorta daxil olmaqla, 3 gecəlik 548 AZN-dən başlayan inanılmaz sərfəli qiymətlərlə (qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub) səyahət etmək mümkündür. Bu ölkəyə sizi maraqlandıran tur paketlərini Bakının istənilən turizm agentliyindən əldə edə bilərsiniz. Qeyd edək ki, Azərbaycan vətəndaşlarının Qətərə səfər etməsi üçün viza tələb olunmur. 

Cütlüklərin Qətər istirahəti zamanı gedə biləcəyi digər yerlər barədə bu keçind linki vasitəsilə məlumat əldə edin, burada isə birbaşa Sevgililər Günü ilə bağlı romantik təkliflər tapa bilərsiniz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4269
avatar

Oxşar yazılar