Türkiyənin Manisa vilayətində azyaşlılar vasitəsilə ofisləri yandıran və yaşayış evlərinə atəş açan mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, Manisa Respublika Prokurorluğunun koordinasiyası ilə polis əməkdaşlarının İzmirdə keçirdiyi əməliyyat zamanı 3-ü azyaşlı olmaqla, 8 şübhəli saxlanılıb.
Onlardan 7-si məhkəmənin qərarı ilə həbs edilib, hadisələrdə istifadə olunduğu ehtimal edilən tapança da götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, iyun və iyul aylarında Manisanın mərkəzində baş verən ofislərin yandırılması və yaşayış evlərinin atəşə tutulması hadisələri azyaşlıların vasitəsilə törədilib. Cinayətlərin üstünün açılması üçün texniki və fiziki müşahidələr, təhlükəsizlik kameralarının görüntüləri və geniş ərazi araşdırmaları aparılıb.
Şübhəlilər polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra məhkəməyə çıxarılıblar. Onlar barəsində Türkiyə Cinayət Məcəlləsinin "Cinayətkar təşkilat yaratma" maddəsi ilə ittiham irəli sürülüb.