Türkiyənin İstanbul şəhərində toy fotoqrafını vəhşicəsinə öldürərək, meyitini meşədə basdırblar.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Arnavutköy rayonunda baş verib.
Esenyurtda toy fotoqrafı kimi çalışan Fərhad Açıqdan uzun müddət xəbər alınmadığı üçün onun itkin düşməsi barədə müraciət edilib.
Polisin araşdırması zamanı müəyyən olunub ki, Fərhad Açıq 3 nəfər tərəfindən qətlə yetirilib və meyiti Arnavutköydəki meşəlik ərazidə basdırılıb.
Cinayətlə bağlı əməliyyata başlayan polis şübhəlilərin Van şəhərində olduğunu müəyyən edib və keçirilən əməliyyat zamanı hər üç şəxs saxlanılıb. Daha sonra onlar istintaq tədbirləri üçün İstanbula gətirilib.
Araşdırma zamanı məlum olub ki, şübhəlilər öldürdükləri Fərhad Açığa məxsus avtomobili sata bilmək üçün notariat vasitəsilə öz adlarına etibarnamə çıxarmağa cəhd ediblər.

Şübhəlilərin göstərdiyi yerdə aparılan axtarış zamanı Fərhad Açığın meyiti Arnavutköydəki meşəlik ərazidə basdırılmış vəziyyətdə tapılıb.
Bildirilib ki, polis bölməsindəki prosedurlar başa çatan şübhəlilər sabah məhkəməyə çıxarılacaqlar.
Yerli mediadakı məlumatlara görə, mərhumu toy fotolarını çəkdiyi bəy öldürüb.
Belə ki, Fərhad Açıq toyunda çəkiliş etdiyi Okan Kılıç tərəfindən açıq havada fotosessiya bəhanəsi ilə Arnavutköydəki meşəlik əraziyə aparılıb.
Burada onun əlləri bağlanıb və əvvəlcə bank hesablarındakı pulları ələ keçirməyə çalışıblar. Hesablarda pul olmadığını gördükdən sonra isə şübhəlilər Fərhad Açığın avtomobilini ələ keçirmək qərarına gəliblər.
Bundan sonra onlar fotoqrafın boğazını kəsərək, bədəninə 8 bıçaq zərbəsi endirib və onu qətlə yetiriblər.
Araşdırma aparılır.