Yayın istisində bir çox insan evi kondisionersiz sərin saxlamağın sadə yollarını axtarır. Son vaxtlar geniş yayılan üsullardan biri isə dondurulmuş su butulkasından istifadə etməkdir. Bəs bu üsul doğrudanmı otağın temperaturunu aşağı salır?
Lent.az xəbər verir ki, bu metod üçün sadəcə plastik (PET) butulka, su və dondurucu kifayətdir. Butulkaya su doldurulub tam donana qədər dondurucuda saxlanılır, daha sonra isə otağa qoyularaq əriməsi gözlənilir. Buz əridikcə ətrafdakı havadan istilik enerjisini özünə çəkir. Buna görə də butulkanın yaxınlığında müəyyən qədər sərinlik hiss olunur. Əgər butulka ventilyatorun qarşısına yerləşdirilərsə, yaranan sərin hava otağa daha yaxşı yayıla bilər.
Bu üsul üçün 1-2 ədəd 1-1,5 litrlik plastik butulka, su, kondensasiya nəticəsində yaranan suyun mebelə zərər verməməsi üçün boşqab və ya nimçə, istəyə görə isə ventilyator lazımdır. Əvvəlcə butulkalar su ilə doldurulur və dondurucuya yerləşdirilir. Su tam donduqdan sonra butulkalar çıxarılaraq otaqda sabit səthin üzərinə qoyulur. Altına mütləq boşqab və ya nimçə yerləşdirilməsi tövsiyə olunur. Mütəxəssislərin sözlərinə görə, nəzəri baxımdan 1,5 litr buz 15-20 kvadratmetrlik otağın temperaturunu az da olsa aşağı sala bilər. Lakin real nəticə bir sıra amillərdən asılıdır.
Otağın istilik izolyasiyası, pəncərə və qapılardan daxil olan isti hava, otaqdakı insanların sayı, işləyən elektrik cihazlarının yaydığı istilik və ümumi istilik yükü bu təsiri xeyli azalda bilər. Əgər otaq tam izolyasiya olunmuş, yəni çöldən və daxildən heç bir istilik mənbəyi olmasa, buz daha nəzərəçarpacaq sərinlik yarada bilər. Ancaq adi mənzillərdə belə şərait demək olar ki, mümkün deyil.
Bundan əlavə, suyun dondurulması üçün dondurucu elektrik enerjisi sərf edir və işlədiyi müddətdə özü də istilik yaradır. Bu səbəbdən ümumi enerji sərfiyyatı baxımından bu üsul kondisioneri əvəz edə bilməz. Dondurulmuş su butulkası otaqda cüzi sərinlik hissi yarada bilər. Lakin ondan otağın temperaturunu ciddi şəkildə aşağı salmasını gözləmək düzgün deyil. Bu üsul yalnız qısa müddətli və məhdud təsir göstərən sadə bir həll hesab olunur.