Sərxoş və kor  sürücü maşını 241 kilometr sürdü
01 avqust 2026 18:12 (UTC +04:00)

Sərxoş və kor sürücü maşını 241 kilometr sürdü

0

Böyük Britaniyada yol hərəkəti qaydalarının kobud şəkildə pozulduğu qeyri-adi hadisə baş verib. Rəsmi olaraq görmə qabiliyyətini itirmiş hesab edilən və sürücülük vəsiqəsi olmayan 49 yaşlı Entoni Holl sərxoş vəziyyətdə 241 kilometr avtomobil idarə edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə iyunun 29-na keçən gecə baş verib. Holl sevgilisinə məxsus “Vauxhall Meriva” markalı avtomobili icazəsiz götürərək Qərbi Yorkşirdən Kambriya istiqamətində yola çıxıb.

O bildirib ki, zəif görməsinə baxmayaraq, qarşıda hərəkət edən yük avtomobilinin arxa işıqlarını izləməklə yolu tapmağa çalışıb. Bu səbəbdən o, yol şəraitini və digər sürücülərin hərəkətlərini normal qiymətləndirə bilməyib.

Təhlükəli səfər yalnız Kambriya qraflığında M6 magistralında yol polisi tərəfindən dayandırılıb. Patrul əməkdaşları avtomobilin zolaqlar arasında qeyri-sabit hərəkət etdiyini, vaxtaşırı yolun kənarına çıxdığını müşahidə edərək sürücünü saxlayıblar.

Yoxlama zamanı məlum olub ki, Entoni Hollun nə sürücülük vəsiqəsi var, nə də o, ətrafı normal görə bilir. O, polisə əvvəlcədən şərab içdiyini, həmçinin iki ildir rəsmi olaraq kor kimi qeydiyyatda olduğunu etiraf edib.

Alkotester yoxlaması zamanı onun nəfəsində 100 millilitr hava üçün 46 mikroqram spirt aşkarlanıb. Halbuki Böyük Britaniyada icazə verilən hədd 35 mikroqram təşkil edir.

Karlayl Magistrat Məhkəməsində çıxış edən prokuror Sureş Basra bildirib ki, hadisənin insan tələfatı və ya ciddi qəza ilə nəticələnməməsi əsl möcüzədir.

Entoni Holl ona qarşı irəli sürülən təhlükəli avtomobil idarəetmə və başqasına məxsus nəqliyyat vasitəsindən icazəsiz istifadə də daxil olmaqla bütün ittihamları qəbul edib. Məhkəmə hökmün elanını 8 sentyabr tarixinə təxirə salıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar