Bakıda kişi arvadını döyüb.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda qeydə alınıb.
İttiham aktına görə, 36 yaşlı Səbuhi Məmmədov ona aqressiv cavab qaytardığı üçün sillə ilə arvadının üz və bel nahiyələrinə bir neçə dəfə vuraraq, xəsarət yetirib.
Zərərçəkənin anasının polisə şikayəti əsasında Səbuhi saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 14 ildir ki, evlidirlər və 2 övladları var. Daim uşaqlarının dərsləri ilə maraqlanmadığı üçün arvadına irad bildirib. Hadisə günü də övladlarının dərslərini oxumadığını bilib. Yenə arvadına irad bildirəndə, qadın aqressiv formada cavab qaytarıb. Bundan hiddətlənən Səbuhi də sillə ilə arvadını bir neçə dəfə vuraraq, xəsarət yetirib.
Səbuhi Məmmədov ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən şəxs də həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və S. Məmmədov məsuliyyətdən azad olunub.