Yanacağın və içməli suyun bahalaşmasından sonra marketlərdə bahalaşma olacağı haqqında əksəriyyətin dediyi gerçəyə çevrilir. Son günlər marketlərdə əksər ərzaq məhsullarının qiyməti artıb. Bu barədə vətəndaşlar sosial şəbəkədə əsasən də yağ, şəkər tozu, şirniyyat və digər ərzaqların bahalaşdığını qeyd edərək etirazlarını bildirirlər. Şəbəkə istifadəçiləri ötən həftə ilə müqayisədə bəzi məhsulların 5, hətta 8 manat artdığını deyirlər. Görəsən, marketlərdəki bahalaşma nə ilə əlaqədardır?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az-a bildirib ki, qiymətlərin artması mövsümi səbəblərlə də əlaqəli ola bilər:
“Ərzaqların bahalaşması ilə bağlı hər gün Azad İstehlakçılar Birliyinə azı 3-4 müraciət daxil olur. Burada mövsümi səbəblər də var. Çünki artıq kənd təsərrüfatı məhsulları tükənib. Pandemiya ilə əlaqədar xarici ölkələrdən ərzaq məhsullarının idxal olunmasında problemlər də yaranıb. Lakin başlıca problem prezidentin də dediyi kimi, inhisarçılığın və qiymət razılaşdırılmasının mövcudluğudur. Müəyyən məhsulu ölkəyə gətirən inhisarçılar toplantı qurub kartel sövdələşməsi keçirərək, vahid qiymət qoyurlar. Dünya bazarında hansısa məhsulun qiyməti artarsa, Azərbaycanda da artır. Ancaq qiymət azalarsa, bu Azərbaycanda mümkün deyil. Yəni, yerli bazar dünya bazarındakı qiymət artımına dərhal adekvat reaksiya verir, lakin enməsinə qəti reaksiya vermir. Təəssüflər olsun ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti kartel sövdələşmələrinin qarşısını almaq üçün heç nə etmir”.
Həmsöhbətimiz bildirib ki, marketlərdə müvafiq qayda-qanunların olmaması qiymət artımına gətirib çıxarır. O bildirib ki, lazımi qaydalar tərtib olunsa, qiymətlər çox ucuzlaşacaq:
“Marketlərdə qayda-qanun tənzimlənmir. Saytınız vasitəsilə Nazirlər Kabinetinə müraciət edirəm ki, bunun üçün müvafiq qayda-qanunlar yaradılsın. Əgər istehsalçı hansısa marketə məhsul gətirirsə, ondan 10-15 min rüşvət istəyirlər. Həmin məbləği ödəyən istehsalçı da, market də məhsulun üzərinə qiymət qoyur. Bu sahə üçün qaydalar qoyulsa, qiymətlər çox ucuz olacaq. Yenə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti məsələyə tamaşa edir. Bundan əlavə, marketlər hansısa kampaniya keçirirsə, onu da istehlakçının üzərinə atır. Bu da süni qiymət artımına gətirib çıxarır. Hərdən yüksək rütbəli məmurlar süni qiymət artımına qarşı mübarizə tədbirləri haqqında danışırlar. Əgər bu işləri görmək istəyirlərsə, birinci buyursunlar marketlərin istehsalçılardan tələb etdiyi rüşvəti yığışdırsınlar. İkincisi, məsələn, Rusiyada yağ, şəkər tozu və digər ərzaqlar üçün yuxarı qiymət həddi qoyulub. Bizdə də belə bir hədd qoyulsun və bundan sonrakı artımları süni qiymət artımı adlandırsınlar”.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, ərzaqların qiymətini Tarif Şurası təyin etmir: “Market və ya bazarlarda ərzaq qiymətlərini Tarif Şurası təyin etmədiyi üçün həmin sahələrdə qiymətə nəzarət həyata keçirilmir. Marketlərdə qiyməti sahibkarlar özləri təyin edirlər. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti tərəfindən yalnız dərman preparatlarının, dövlət xidmətlərinin qiymətlərinə nəzarət olunur”.