"Azercell"in jurnalistlər üçün nəzərdə tutulmuş ingilis dilli kurslarının 2023-cü il buraxılışını çap, onlayn və elektron mediada fəaliyyət göstərən 11 nəfər media nümayəndəsi uğurla başa vurub.
Lent.az-ın xəbərinə görə, ümumilikdə bu tədris ili üçün "Azercell"in ödənişsiz ingilis dili kurslarına 22 jurnalist qatılıb ki, onlardan 11 nəfər kursları bitirməyə müvəffəq olub. İştirakçıların ingilis dili bilikləri əsasında qurulan qruplarda dərslər ixtisaslaşmış müəllimlər tərəfindən həftədə 2 dəfə onlayn formatda keçirilib. 6 ay davam edən ingilis dili dərslərində media nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə dərslər keçirilib.
Kursların bitməsi "Azercell"in Baş Ofisində təntənəli surətdə qeyd edilib. İngilis dili kurslarında iştirak etmiş media nümayəndələri sertifikatla təltif olunublar. İmtahanlarda ən yüksək nəticə göstərmiş 4 jurnalist isə "Azercell"dən xüsusi hədiyyə əldə edib.
Qeyd edək ki, jurnalistlərin peşəkar inkişafına yardım edən layihələr reallaşdıran Azercell 15 ilə yaxındır ki, jurnalistlər üçün dil kursları təşkil edir. İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib.
Media nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına və ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaq məqsədilə keçirilən ödənişsiz ingilis dili kurslarına 22 jurnalist qatılmışdı.