MSŞA Koalisiyası şirkətlərin fəaliyyətindən narazıdır
08 iyun 2011 13:02 (UTC +04:00)

MSŞA Koalisiyası şirkətlərin fəaliyyətindən narazıdır

Sıralarında 140-dan çox yerli QHT-ləri birləşdirən ictimai birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞA) Koalisiyası Azərbaycanda bu təşəbbüsün tətbiqində son zamanlar yaranmış durğunluqdan narahatdır.

Koalisiyadan Lent.az-a verilən məlumata görə, bununla bağlı Koalisiya Şurası bəyanat qəbul edib.

Bəyanatda qeyd olunur ki, 2009-cu ildə Dohada keçirilmiş İV Qlobal Konfransda Beynəlxalq İdarə Heyətinin tövsiyəsi ilə yaradılmış Çoxtərəfli Qrupla bağlı gözləntilər özünü doğrultmayıb. Qrupun yaranmasından 1 ildən artıq vaxt keçməsinə baxmayaraq, ötən dövr ərzində tərəflər hesabatlarda təbii qazla səmt qazının ayrılması, digər vergilərin yalnız adlarının açıqlanması, hesabatların ildə 2 dəfə deyil, 1 dəfə təqdim olunması kimi xırda və texniki dəyişikliklər istisna olmaqla, əhəmiyyətli qərarlar verə bilməyib və bununla Çoxtərəfli Qrup səlahiyyətləri və funksiyalarını potensial olaraq icra edə bilməyib.

Bu dövr ərzində Koalisiya tərəfindən Qarşılıqlı Anlaşma Memorandumun təkmilləşdirilməsi məqsədilə irəli sürülmüş təkliflərin müzakirəsi davam etdirilib, bununla əlaqədar olaraq xüsusi İşçi Qrupu yaradılıb. Lakın Çoxtərəfli Qrupda təmsil olunan şirkətlər arasında qərar qəbul edilmə mexanizminin ləng olması nəticəsində irəli sürülən təkliflərə dair mövqelərin dəqiqləşdirilməsi uzanıb və proses yubanıb. Çoxtərəfli Qrupun bu il mayın 20-də keçirilmiş iclasında Memoranduma dair Koalisiyanın təkliflərinin müzakirəsi gündəliyə salınsa da, şirkətlərin müzakirəyə hazır olmaması ucbatından bu məsələ iclasın gedişində gündəlikdən çıxarılıb. Bu isə Azərbaycanda yeni institutun - Coxtərəfli Qrupun yaranması ilə əlaqədar olaraq Memorandumda zəruri texniki dəyişikliklərin həyata keçirilməsini belə ləngidir və Çoxtərəfli Qrupun işgüzar fəaliyyətinə əngəllər yaradır.

Bəyanatda vurğulanır ki, Koalisiyanın narahat edən əsas problemlərdən biri də şirkətlərin fərdi hesabatlığa keçidi və bununla əlaqədar olaraq fərdi hesabatlar açıqlaması məsələsidir. Bu istiqamətdə təkliflərini bir neçə il bundan əvvəl irəli sürən Koalisiyanın bu təşəbbüsünə münasibətdə də bəzi şirkətlərin uzun illər dəyişməz qalan mövqeyinin ABŞ Senatının qəbul etdiyi Dodd-Frank Wall Street Reform Actının icrasından sonrakı dövrdə də dəyişməməsi təəssüf və təəccüb hissi doğurur. Bu, eyni zamanda bu təşəbbüsə hətta fərdi qaydada bəzi şirkətlərin müsbət yanaşmasına baxmayaraq, bütövlükdə şirkətlər qrupunun marağının olmaması ona qarşı formalaşmış mövqenin bir mərkəzdən idarə olunması rəyini formalaşdırır.

MSŞA Koalisiyasının tərəfindən hazırlanmış “MSŞT haqqında Qanun”a ehtiyacın Çoxtərəfli Qrupun 20 may 2011-ci il tarixli iclasında müzakirəsi zamanı qarşı tərəflərin əks mövqe nümayiş etdirməsi bir daha göstərir ki, MSŞT iştirakçıları olan Hökumət və Şirkətlər Azərbaycanda bu təşəbbüsün inkişafında maraqlı deyillər. Bu isə MSŞT-nin beynəlxalq səviyyədə tələblərinin sərtləşdiyi dövrdə Azərbaycanda bu təşəbbüsün əvvəllər olduğu kimi müvəffəqiyyətlə tətbiqində və birincilər sırasında qalmasında problemlər yaradır.

Çoxtərəfli Qrupun mayın 20-də keçirilmiş iclasında 14-cü hesabatın tərəflər üçün təqdimatı nəzərdə tutulsa da, planlaşdırılan təqdimat bəzi şirkətlərin seçilmiş Auditor Şirkətinin izahat almaq məqsədilə sorğusuna vaxtında cavab verməməsi səbəbindən təxirə salınıb. MSŞA Koalisiyası təmsilçilərinin həmin şirkətlərin belə məsələlərə münasibətdə məsuliyyətinin artırılması məqsədilə həmin şirkətlərin adlarının açıqlanması və digər məsuliyyət normalarının yaradılması sahəsində irəli sürdüyü təkliflər bu barədə əvvəllər razılaşmalar olmasına baxmayaraq qəbul edilməyib. Hətta bu cür təkliflərə şirkət təmsilçiləri ironiyalı münasibət belə nümayiş etdirməkdən də çəkinməyiblər. Nəticədə Azərbaycanda MSŞT-nin tətbiqinə dair 14-cü hesabatı vaxtında təqdim olunmamışdır.

Koalisiya bəyan edir ki, onu narahat edən problemlərin tezliklə aradan qaldırılması və Azərbaycanda MSŞT-nin inkişafı məqsədilə irəli sürdüyü təkliflərin qəbulu və reallaşması istiqamətində yaxın zamanlarda ciddi irəliləyişlər olmazsa, bu təşəbbüsün reallaşdırılmasında bir tərəf olaraq Azərbaycanda MSŞT-nin vaxtından əvvəl dəyərləndirilməsinə təşəbbüs göstərmək səlahiyyətindən istifadə edərək, Beynəlxalq İdarə Heyətinə və Katibliyə müraciət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585

Oxşar yazılar