Azərbaycandan «Petkim»ə 6 milyardlıq yatırım
07 iyun 2011 18:48 (UTC +04:00)

Azərbaycandan «Petkim»ə 6 milyardlıq yatırım

Təməlqoyma mərasimində Türkiyə və Azərbaycan rəsmiləri, o cümlədən baş nazir Rəcəb Tayib Ərdoğan və prezident İlham Əliyevin iştirak edəcəyi gözlənilir. «APA-ECONOMICS»in məlumatına görə, bunu «Petkim» şirkətinin nümayəndəsi Serkan Aksüyek bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, neft emalı zavodunun tikintisinə 4,5-5 mlrd. dollar sərmayə yatırılacaq. İllik emal gücü 10 mln. ton olan zavodda əsasən «Petkim»in tələbatı olduğu məhsullar istehsal ediləcək. Bundan başqa, bölgədəki dəniz limanına 350 mln. dollar investisiya yatırılması planlaşdırılır ki, bununla da liman bölgənin ən böyük logistik obyektinə çevriləcək. Ümumilikdə, 2015-ci ilədək ARDNŞ-in «Petkim» strukturlarına yatırdığı investisiyaların həcmi 6 mlrd. dolları keçəcək: «Bundan sonra «Petkim» Türkiyə və Avropanın bu sahədə ən böyük şirkətlərindən birinə çevriləcək».


S.Aksüyek bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi işə düşəndən sonra Azərbaycanda istehsal olunan neft-kimya məhsullarının Avropa, Türkiyədə istehsal olunan məhsulların isə Azərbaycanda və ona qonşu ölkələrdə reallaşdırmaq mümkün olacaq.


Buna paralel olaraq enerji sektoruna da investisiya yatırılacaq və bunun hesabına 2020-ci ilə qədər qurumun 1 000 MVt enerji istehsalı gücü yaradılacaq. Bütün bunlar nəticəsində ARDNŞ Türkiyənin sənaye sektorunda ən böyük investora çevriləcək.

Şirkət rəsmisi həmçinin bildirib ki, 2015-ci ildən sonra isə ARDNŞ-in «Petkim»ə yatırımlarının 2-ci mərhələsi başlayacaq. Bu işlər çərçivəsində şirkətin neft-kimya məhsullarının istehsalı həcmi ildə 3 mln. tondan 6 mln. tona, şirkətin satış həcmi isə həmin müddətdə 20 mlrd. dollara çatdırılacaq.


Nəhayət, investisiyaların növbəti mərhələsi 2040-cı ilədək planlaşdırılıb. Bu işlər nəticəsində həmin vaxt Türkiyə və Azərbaycan neft emalı və neft-kimya məhsulları istehsalı sahəsində dünyanın ən mühüm oyunçularından birinə çevriləcək: «Ola bilər ki, bu uzaq müddət görünsün, amma gənc həmkarlarımız o günü görəcəklər».
# 657

Oxşar yazılar