Azərbaycanda gizli iqtisadiyyatın çəkisi açıqlandı
26 may 2011 12:53 (UTC +04:00)

Azərbaycanda gizli iqtisadiyyatın çəkisi açıqlandı

Azərbaycanda qeyri-formal iqtisadiyyatın çəkisi 9 faizdir. Lent.az-ın verdiyi məlumata görə, bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev deyib. Arif Əliyevin sözlərinə görə, elə illər olub ki, qeyri-formal iqtisadiyyatın çəkisi ümumdaxili məhsulla (ÜDM) müqayisədə hətta 20 faizə çatıb: “Ancaq neft-qaz sektoru inkişaf etdikdə qeyri-formal iqtisadiyyatın ümumi faizi aşağı düşüb”.


DSK sədri qeyd edib ki, qeyri-formal iqtisadiyyatı gözlə görmək mümkün deyil: “Tutaq ki, ev şəraitində yağ, pendir, şərab istehsal edirlər, yaxud mal-qara kəsilib satılır. Bunu görmək mümkün olmur. Lakin qeyri-formal iqtisadiyyatın çəkisini hesablamaq üçün beynəlxalq aləmdə qəbul olunmuş metodologiyalar var və biz də bundan istifadə edirik”.


Arif Vəliyev yoxsulluğun və işsizliyin səviyyəsi ilə bağlı DSK-nin açıqladığı məlumatlara bəzən şübhə ilə yanaşılmasına da münasibət bildirib. O deyib ki, Azərbaycanda minimum istehlak səbəti var və yoxsulluğun səviyyəsi də buna əsasən ölçülür: “Keçən il minimum istehlak səbəbi 98 manatdan bir qədər çox olub. Ona görə də bu məsələdə bizi günahlandırmaq yersizdir. Digər tərəfdən, bizə məlumatlar yerlərdən təqdim olunur. Yəni müəyyən dövlət qurumları hesabatları Dövlət Statistika Komitəsinə təqdim edir. Səhv varsa, bizə təqdim olunan hesabatlardadır. Biz təqdim olunan məlumatlara əsasən, statistikanı açıqlayırıq”.


Komitə sədri mal ətinin qiymətinin yüksək olmasının səbəbini də açıqlayıb: “Azərbaycanda mal ətinin qiymətinin baha olması yerlərdə mal-qaranın yüksək qiymətə satılması ilə bağlıdır”.


Ramiz
# 1033

Oxşar yazılar