Fransa maliyyə naziri BVF prezidenti olmağa razılaşdı
25 may 2011 15:56 (UTC +04:00)

Fransa maliyyə naziri BVF prezidenti olmağa razılaşdı

Fransanın maliyyə naziri Kristin Laqard Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti postuna keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olduğunu rəsmən açıqlayıb. Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, BVF-nin sabiq prezidenti Dominik Stross-Kan cinsi təcavüz ittihamı ilə bağlı postundan istefa vermək məcburiyyətində qalandan sonra məhz Kristin Laqard bu posta əsas namizəd sayılıb.

Qərb mətbuatı Paris, Berlin və Londonun Kristin Laqardın namizədliyini dəstəklədiyini yazmışdı. Daha sonra İsveçin maliyyə naziri Andres Borq da onun namizədliyini dəstəklədiyini bildirib. Bu gün Avropa Komissiyasının prezidenti Joze Manuel Barroza da Kristin Laqardın namizədliyini dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, Avropa və ABŞ arasında elan olunmamış razılığa görə, BVF prezidenti həmişə avropalılar arasından seçilir. Ancaq bu dəfə inkişaf etməkdə olan ölkələr bu ənənəyə qarşı çıxıblar. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının bir araya gəldiyi BRİKS təşkilatının təmsilçisi bu ənənənin BVF-nin prinsiplərinə uyğun gəlmədiyini bəyan edib. Meksika artıq bu posta Meksika Milli Bankının rəhbəri Aqustin Karstensin namizədliyini irəli sürüb. Namizədlər sırasında Qazaxıstan Milli Bankının rəhbəri Qriqoriy Marçenko da var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar