Rusiya və Azərbaycan geoloqları müqavilə imzalayıblar - FOTO
24 may 2011 15:12 (UTC +04:00)

Rusiya və Azərbaycan geoloqları müqavilə imzalayıblar - FOTO

Rusiya Elmlər Akademiyası (REA) Geologiya İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Qafqaza dair elmi tədqiqatlarına həsr olunmuş toplantı keçirilib.

Geologiya İnstitutunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, REA Geologiya İnstitutunun Elmi Şurasının təşkil etdiyi toplantının mövzusu “Qafqaz regionunun müasir geodinamikası, flüid rejimi və neft-qazlılığı” olub.

Tədbirdə AMEA Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti məruzələrlə çıxış edib, institutda mövzu üzrə aparılmış tədqiqatların nəticələrindən danışıb.

Akademiklər Arif İsmayılzadə, İbrahim Quliyev, AMEA-nın müxbir üzvləri Fəxrəddin Qədirov, Pərviz Məmmədov, geologiya-mineralogiya elmləri doktoru Elmira Əliyeva və geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Dadaş Hüseynovun çıxışları toplantı iştirakçılarının marağına səbəb olub. Məruzələrdən sonra azərbaycanlı alimlər rusiyalı həmkarlarını maraqlandıran sualları cavablandırıblar.

Sonda REA Geologiya İnstitutunun Elmi Şurası protokol imzalayıb. Sənəddə məruzələrin araşdırıcılıq baxımından yüksək səviyyədə olduğu, çoxlu sayda yeni məlumatlarla zənginliyi xüsusi qeyd edilir. Protokolda birgə layihə, seminar, konfrans və digər tədbirlər həyata keçirməyin önəmli də vurğulanır.

Səfər çərçivəsində hər iki institutun direktoru müqavilə də imzalayıblar. Sənədə əsasən, Rusiya və Azərbaycan alimləri Qafqazın müasir geodinamikası, regionda vulkanların və geodinamik proseslərin ən son durumu, 7-14 kilometrlik dərinliklərin neft-qazlılığı və karbohidrogen potensialı, yeraltı sular və geoinformatika sistemi ilə əlaqəli müştərək tədqiqatlar aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663

Oxşar yazılar