Bakı-Tbilisi-Qars layihəsi tunelə girdi
20 may 2011 13:20 (UTC +04:00)

Bakı-Tbilisi-Qars layihəsi tunelə girdi

Bakı-Tbilisi-Qars dəmiryol layihəsinə əlavə maliyyə vəsaitinin ayrılmasına səbəb layihənin kəskin bahalaşmasıdır.

Bu isə öz növbəsində dəmiryol layihəsinə edilən dəyişikliklər, eləcə də yolun bərpası nəzərdə tutulan hissənin faktiki vəziyyətinin gözləniləndən pis vəziyyətdə olması ilə bağlıdır.

Azərbaycan Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov «APA-ECONOMICS»ə bildirib ki, layihənin reallaşdırılması üçün əlavə vəsaitə tələbatın yaranmasına səbəb marşrutun dəyişdirilməsi ilə bağlıdır. Bu dəyişiklik dəmir yolunun Axalkalakidən (Gürcüstan) Türkiyə sərhədinə qədər olan hissəsində (25 km) baş verib. Belə ki, bu ərazidə geoloji tədqiqat aparılanda məlum olub ki, ərazi sürüşmə zonasına daxildir və bu səbəbdən yolun Türkiyə sərhədinədək olan son bir neçə kilometrini əvvəlcə nəzərdə tutulduğu kimi dağların arası ilə aparmaq mümkün olmayacaq. Bu vəziyyətdə dəmir yolunun təhlükəsizliyini əsas tutaraq həmin hissənin dağın altı ilə çəkilmiş tunellə əvəz olunması qərara alınıb. Türkiyə-Gürcüstan sərhədindəki dağın altından çəkiləcək tunelin uzunluğu 4 km-ə çatacaq. Onun təqribən yarısı Gürcüstan, digər hissəsi Türkiyə ərazisinə düşür.

Bundan başqa, dəmir yolunun Marabdadan Axalkalakiyə qədər olan 160 km-lik hissəsinin əvvəlcə yenidənqurulması nəzərdə tutulurdu. Amma sonradan, bu işlərə başlama ərəfəsində bu yolun tamamilə bərbad vəziyyətdə olduğu aydınlaşıb. Mütəxəssislərin sözlərinə görə, yolun vəziyyəti o qədər pis idi ki, burada hərəkət ənənəvi olaraq naviqasiya sistemi əvəzinə sadə radioəlaqə vasitəsilə həyata keçirilirdi. Araşdırma zamanı məlum olub ki, uzun illər bu yol demək olar ki, istifadə olunmayıb, bu hissə ilə qatarlar həftədə cəmi bir neçə dəfə gedirmiş. Başqa sözlə, təhlillər göstərib ki, dəmir yolunun bu hissəsi layihədə nəzərdə tutulan yüklərin daşınmasına hazır deyil. Nəticədə, bu hissənin əvvəl nəzərdə tutulduğu kimi yenidən qurmaq deyil, əsaslı şəkildə faktiki olaraq yenidən tikilməsi qərara alınıb. «Baxmayaraq ki, o təmir kimi nəzərdə tutulmuşdu, göründü ki, adi təmirlə kifayətlənmək mümkün olmayacaq, burada elektrik xətti, rabitə, yolun idarə edilməsi sistemi və s. qurulmalıdır. Bütün bunlar isə layihənin büdcəsinə təsir göstərib. Əvvəlcədən nəzərdə tutulan vəsait işlərin görülməsinə kifayət etməyib», - deyə S.Məmmədov bildirib.

Nəticədə, layihəyə əlavə vəsaitin ayrılmasına ehtiyac yaranıb ki, bu da Azərbaycanın Gürcüstana əlavə 575 mln. dollar ayırmasına səbəb olub. Nəqliyyat Nazirliyindən bildirilib ki, ayrılan vəsaitin böyük hissəsi məhz Marabda-Axalkalaki hissəsinin əsaslı şəkildə yenidən qurulmasına sərf olunacaq.

İndiyədək layihənin reallaşması üçün Azərbaycan Gürcüstana 200 mln. dollarlıq kredit ayırıb. Qeyd edək ki, 25 illiyə, illik 1%-lə ayrılan kreditin 90 mln-u artıq istifadə olunub. Bu dəfə isə kredit şərtləri daha yüksək olacaq – 575 mln. dollar 25 illiyə, illik 5%-lə ayrılacaq. Bu barədə razılıq Gürcüstanın regional inkişaf və infrastruktur naziri Revaz Nikoliaşvili və «Kartsaxi-Marabda» şirkətinin baş direktoru Bidzina Breqadzenin Bakıya səfəri zamanı əldə edilib.

Gürcüstan tərəfi krediti dəmir yolunun işə düşməsindən sonra əldə edəcəyi gəlirlərin hesabına ödəyəcək. Bununla yanaşı, üzərində iş aparılan hissə Gürcüstan ərazisində olmasına baxmayaraq bu hisıəni Gürcüstan tərəfi tək idarə etməyəcək. S.Məmmədovun sözlərinə görə, dəmir yolunu Azərbaycan və Gürcüstan tərəfinin yaradacağı birgə müəssisə idarə edəcək. Yalnız 25 ildən, yəni kredit tam qaytarılandan sonra dəmir yolu Gürcüstanın idarəçiliyinə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1115

Oxşar yazılar