“SV Alqı-Satqı” MMC-də aparılmış yoxlamaların nəticələrinin ləğv olundu
14 may 2011 11:22 (UTC +04:00)

“SV Alqı-Satqı” MMC-də aparılmış yoxlamaların nəticələrinin ləğv olundu

Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının növbəti iclasında 3 vergi ödəyicisinin şikayətinə baxılıb. Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “SV Alqı-Satqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin kameral vergi yoxlamalarının nəticələrinin ləğv edilməsi barədə təkrar müraciəti ilə bağlı 2008-ci il yanvarın 1-dən 2009-cu il iyunun 30-dək olan dövr üzrə qarşılıqlı əlaqələrin təhlilinin nəticələrinə və cəmiyyət tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən müəyyən edilib ki, ƏDV məbləği 410 min 82,29 manat göstərilməli olduğu halda 405 min 55,83 manat göstərilib.

Bu səbəbdən də 2009-cu ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə malların (işlərin, xidmətlərin) təqdim edilməsindən gəlir məbləği 2 milyon 278 min 234,94 manatadək artırılaraq 501 min 211,69 manat əlavə mənfəət vergisi hesablanıb. Ümumilikdə 911 min 293,98 manat əlavə hesablama aparılıb.

İş üzrə materiallar araşdırılarkən ƏDV üzrə dövriyyənin səhvən 5 min 26,46 manat əvəzinə 410 min 82,29 manat göstərildiyi müəyyən olunub. Nəticədə 2009-cu ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə malların (işlərin, xidmətlərin) təqdim edilməsindən gəlir məbləği 2 milyon 278 min 234,94 manatadək artırılaraq 501 min 211,69 manat əlavə mənfəət vergisi hesablanıb. ƏDV üzrə əlavə hesablanmış məbləğ də nəzərə alınmaqla, ümumilikdə səhvən 911 min 293,98 manat əlavə hesablama aparılıb.

2008-ci ilin iyul ayından 2009-cu ilin sentyabr ayınadək olan dövr üzrə səyyar vergi yoxlaması ilə əhatə olunduğu üçün kameral vergi yoxlaması zamanı yol verilmiş səhv nəticəsində əlavə hesablanmış məbləğlərə Bəyannamələrin qəbulu və işlənməsi idarəsi tərəfindən yenidən baxılması mümkün olmadığından, Vergi Apelyasiya Şurası “SV Alqı-Satqı” MMC-də aparılmış yoxlamaların nəticələrinin ləğv olunaraq orada növbədənkənar səyyar vergi yoxlamasının təyin olunması barədə qərar çıxarıb. Yoxlamanın nəticələri Vergi Apelyasiya Şurasının yenidən müzakirə olunacaq.

2 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan Mirzəyev Famil Kərim oğlunun səyyar vergi yoxlamasının nəticələrinin ləğv olunması barədə şikayətinə baxılarkən müəyyən edilmişdir ki, ödəyicidə 2005-ci il avqustun 1-dən 2008-ci il iyunun 1-dək olan dövrü əhatə edən növbəti səyyar vergi yoxlaması aparılıb. Ümumilikdə 61 min 948,2 manat vergi hesablanıb, 21 min 769.35 manat maliyyə sanksiyası tətbiq edilib.

Araşdırma zamanı məlum olub ki, sahibkar tərəfindən “Lotto yayım” şirkəti ilə agent müqaviləsi əsasında göstərilmiş xidmətə görə əldə edilən gəlirlər bəyan edilib, vergilər vaxtında hesablanaraq dövlət büdcəsinə ödənilib, səyyar vergi yoxlaması aktı tərtib edilərkən əlavə hesablanmış vergi məbləği düzgün olmayaraq fiziki şəxsin bütün dövriyyəsindən hesablanılıb. Qeyd olunanları nəzərə alaraq, Apelyasiya Şurası 2 saylı ƏVİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2008-ci il 25 dekabr tarixli, 08000202350005 saylı qərarını ləğv edib. Eyni zamanda vəzifələrini keyfiyyətlə, vergi qanunvericiliyinə, və verilmiş təlimatlara uyğun şəkildə yerinə yetirməyib, nöqsanlara yol vermiş vergi orqanının müvafiq vəzifəli şəxsinin (şəxslərinin) intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması haqqında qərar qəbul edib.

Vergi ödəyicisi kimi 10 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “Qəbələ-Şərab” Açıq Səhmdar Cəmiyyətinin hesablanmış vergi və faizlərin silinməsi barədə təkrar müraciətinə baxılarkən müəyyən edilib ki, Azərbaycan Respublikası Ali Məhkəməsi 10 oktyabr 2008-ci il tarixdə çıxardığı qərarda cəmiyyətin iddia tələbində göstərilmiş 1111,98 manat məbləğində borcunun vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması hissəsini rədd edib, 7.688,02 manat və ona hesablanmalı olan 98,66 manat faiz borcu hissəsini isə təmin edib. Həmin qərarın qüvvəyə mindiyi tarixdən etibarən cəmiyyətin qətnamə ilə təmin edilmiş borcuna görə faiz hesablanmayıb, hesablanmış faizlər isə cəmiyyətin digər vergi borclarına şamil edilib.

Cəmiyyət ƏDV-nin məqsədləri üçün könüllü qeydiyyata dair 10 saylı ƏVİ-yə ərizə ilə müraciət edib, qeydiyyat Vergi Məcəlləsinin 157.3-cü maddəsinə uyğun olaraq, vergi ödəyicisinin qeydiyyat haqqında ərizəsində göstərilən tarixdən, yəni 1 mart 2007-ci il tarixdən qüvvəyə minməklə aparılıb. Eyni zamanda ona 2007-ci ilin I rübü üzrə təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinə əsasən 7 min 549,32 manat vergi borcunun olduğu bildirilib.

Cəmiyyət hesablanmış vergi borclarının silinməsi və bank hesablarına qoyulan sərəncamların götürülməsi üçün 4 dekabr 2008-ci il tarixdə Vergilər Nazirliyinə müraciət edib. Vergi ödəyicisinə bildirilib ki, Ali Məhkəmənin 10 oktyabr 2008-ci il tarixli Qərarında 7 min688,02 manat məbləğində borcun silinməsi göstərilməmiş, borc məbləğinin 1.111,98 manatının əmlakın hərracda satılması yolu ilə alınması hissəsində rədd edilib.

Eyni zamanda vergi ödəyicisinə izahat verilmişdir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququ var.

Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.

Qeyd olunanları nəzərə alaraq, Vergi Apelyasiya Şurası “Qəbələ-Şərab” Açıq Səhmdar Cəmiyyətinin ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar