Turizm xidməti göstərən otellərdə qiymətlər ucuzlaşacaq
11 may 2011 13:28 (UTC +04:00)

Turizm xidməti göstərən otellərdə qiymətlər ucuzlaşacaq

Bu ilin yay mövsümündə Azərbaycanda turizm xidmətləri göstərən şirkətlərin və otellərin qiymətləri keçən ilə nisbətən daha münasib olacaq. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.


Nazir bildirib ki, daxili turizmdə qiymətlərin aşağı salınması ilə bağlı xüsusi bir sənəd hazırlanır: “Mən qiymətlər və faizlər barədə danışmaq istəməzdim. Bu, hər otelin öz qərarı ilə nəticələnir. Amma bizim tövsiyələrimiz əsasında müəyyən ölçülər götürülür. Ümidvarıq ki, iyunun ortasından başlayaraq, artıq biz bu qiymətlərin aşağı salınmasını hiss edəcəyik”.


Ə. Qarayev “Turizm ili” çərçivəsində görüləcək tədbirlər barədə danışarkən qeyd edib ki, Azərbaycan turizmi ilə bağlı normativ hüquqi aktların hazırlanmasına və onların tətbiqinə daha çox əhəmiyyət veriləcək: “Bu istiqamətdə həyata keçiriləcək əsas işlərdən biri Azərbaycanda turizm statistikasının yenidən qurulması və xidmətlərin klassifikasiyasının müəyyənləşdirilməsidir”.


Nazir bildirib ki, bu il Azərbaycana ötən ilə nisbətən 10 faiz artıq turistin gələcəyi gözlənilir: “Bu, real rəqəmlərə əsasən olan göstəricidir. Ümumdünya Turizm Təşkilatının sənədlərində son 2 il müddətində Azərbaycanda bu sahədə ən yüksək inkişaf tempinin olduğu qeyd olunur. Biz düşünmürük ki, bu dərəcəni saxlamaq mümkündür. Amma Azərbaycanda görülən işlər, yeni layihələr ölkəyə turist səfərlərini təşkilinə müsbət təsir göstərəcək”.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639

Oxşar yazılar