ARDNŞ 140 müəssisəsində SAP proqramını tətbiq edib
06 may 2011 20:46 (UTC +04:00)

ARDNŞ 140 müəssisəsində SAP proqramını tətbiq edib

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, SAP proqramları ARDNŞ-də 2008-ci ildən tətbiq olunmağa başlayıb. Korporativ proqram təminatı bazarında lider şirkətlərdən olan SAP-ın MDB məkanındakı bütün tərəfdaşlarına göndərilmiş “SOCAR 140 müəssisəsində SAP proqramını tətbiq etmişdir” sərlövhəli hesabatında qeyd olunur ki, insan resurslarının idarəedilməsi, maliyyə-uçot əməliyyatlarının həyata keçirilməsi, təchizatın və satışın avtomatlaşdırılması, eləcə də risklərin idarəolunması üzrə SAP proqramları ARDNŞ-də uğurla tətbiq olunub və səmərəli nəticələr verib. Hazırda ARDNŞ yüksək inkişaf və dəyişikliklər mərhələsindədir. Şirkət Azərbaycan iqtisadiyyatında böyük paya malikdir, buna görə də proqramların tətbiqi ölkə miqyasında əhəmiyyətlidir.


Hesabatda qeyd olunub ki, ARDNŞ-də işin keyfiyyətini yüksəltmək üçün hesabatların hazırlanması müddətinin qısaldılmasına, maliyyə nəzarəti və şəffaflığın möhkəmləndirilməsinə, biznes-proseslərin standartlaşdırılmasına və avtomatlaşdırılmasına ehtiyac duyulurdu: “Düzgün qərarlar qəbul edilməsi üçün həmçinin real zaman çərçivəsində dolğun informasiya əldə olunması, təchizatçılar və müştərilər üzərində nəzarətin gücləndirilməsi, əmək haqqlarının hesablanması prosesinin sürətləndirilməsi tələb olunurdu. Bundan başqa Şirkət öz qarşısına manipulyasiya risqlərini azaltmaq, təhlükəsizliyin pozulmasının yoxlanılması prosesini avtomatlaşdırmaq, pul axınlarının idarəolunması və proqnozlaşdırılmasını təkmilləşdirmək, ödənişlərə nəzarəti, bank sistemi ilə qarşılıqlı əlaqələri yaxşılaşdırmaq vəzifələrini qoyub”.


Hesabatda bildirilir ki, proqramların tətbiqi nəticəsində hesabatların hazırlanması müddəti 20 günədək azaldılıb, hazırlanan hesabatlar zəruri səviyyənin müəyyənləşdirilməsinə və dövriyyədəki əmtəə ehtiyatlarının optimallaşdırılmasına imkan verib. Əmək haqlarının hesablanması müddəti 5 günədək qısaldılb və onların köçürülməsi prosesi standartlaşdırılıb. Bu da vəsaitlərin əhəmiyyətli dərəcədə qənaət olunmasına gətirib çıxarıb. Sistemdə mümkün olan risklər təhlil və ləğv edilib. Əmək haqlarının şəffaflığı və bank sisteminə köçürülmədə avtomatlaşdırma təmin edilib.
ARDNŞ eyni zamanda konsalidə olunmuş hesabatların və proqnozların hazırlanması məqsədi ilə innavativ xarakterli “SAP BusinessObjects Planning and Consolidation” təklifini gerçəkləşdirib. Planlaşdırma və büdcənin hazırlanması məqsədlərinə xidmət edən bu yeniliyin tətbiq olunması işi davam etdirilir: “İş sona çatdırılmaqdadır və ARDNŞ bütün MDB məkanında bu məsələni həll etmiş ən böyük istifadəçimiz olacaq”.
Qeyd edək ki, SAP müxtəlif sahələrdə ixtisaslaşmış təşkilatlara biznesin effektiv idarəolunması üzrə proqramlar və məsləhətlər təklif edən dünya miqyaslı şirkətlərdəndir. SAP-ın proqram təminatı təşkilatın fəaliyyətində səmərəliliyin artırılmasına və rəqabət üstünlüyünün yaradılmasına imkan verir. Hazırda SAP-ın xidmətlərindən 105 min müştəri yararlanır. Şirkətin qabaqcıl texnologiyaları yüksək rentabelliyi təmin edərək fasiləsiz adaptasiya və sabit artım üçün münbit şərait yaradır. 1992-ci ildə Moskva şəhərində SAP AG ofisi açılıb. Sonrakı illərdə SAP-ın Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk, Rostov-Don, Almatı, Minsk və Kiyev şəhərlərində də nümayəndəlikləri təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2600

Oxşar yazılar