Azərbaycanda vergi dərəcələri azaldıla bilər
02 may 2011 16:54 (UTC +04:00)

Azərbaycanda vergi dərəcələri azaldıla bilər

«APA-ECONOMICS»ə verilən məlumata görə, əsasən vergi qanunvericiliyinə dəyişiklikləri nəzərdə tutan təkliflərdə bəzi vergi növləri üzrə dərəcələrinin azaldılması da təklif olunur.

Beləliklə, ATİB hesab edir ki, Vergi və Cinayət məcəllələrində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət nəzərdə tutan sanksiyalar çox sərtdir. Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, 2000 manat və daha yuxarı məbləğdə vergi gizlədildikdə cinayət işi açıla bilər (bu maddəyə görə nəzərdə tutulan maksimum cəza 7 il müddətində azadlıqdan məhrum edilmədir), ATİB bu həddin 20 min manata qaldırılmasını təklif edir.

Bundan başqa, ATİB ekspertləri hesab edirlər ki, vergi ödəyicisinin vergi öhdəliklərini müəyyənləşdirmək məqsədi ilə vergi orqanları müvəkkil banka yazılı bildiriş göndərdikdə və bununla bağlı məlumatların alınmasını tələb etdikdə, bunun üçün qoyulan müddət azdır və bu praktik olaraq vergi ödəyicilərinin narazılığına səbəb olur.

Xatırladaq ki, Vergilər Məcəlləsinin 76.2 və 76.3 maddələrinə əsasən, müvəkkil bank müştəri ilə bağlı vergi orqanlarından bildiriş alandan sonra bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 gün ərzində müştəriyə məlumat verməlidir. Bu məlumat göndəriləndən 15 gün ərzində hüquqi şəxsin və fərdi sahibkarın ərizəsinə məhkəmədə baxılacağı barədə məlumat daxil olmadıqda, müvəkkil bank hüquqi şəxsin və fərdi sahibkarın hesabları və ya əməliyyatları barədə məlumatı vergi orqanına göndərir. ATİB-də bu maddələrdə müddətlərin 5 gün əvəzinə 7 gün, 15 gün əvəzinə 20 gün müəyyənləşdirilməsini təklif edir.

Yeri gəlmişkən, ATİB bildirir ki, bəzi hallarda banka bu məsələnin məhkəmədə baxılacağı barədə məlumat daxil olandan sonra da vergi orqanları həmin mübahisə üzrə hesablara əlavə sərəncamlar qoyur ki, bu da vergi ödəyicisinə xeyli miqdarda ziyan vurur. Təşkilat belə sərəncamların qadağan edilməsini təklif edir.

ATİB-in ən maraqlı təklifləri vergi dərəcələrinin azaldılması ilə bağlıdır. Təşkilat ƏDV-nin dərəcəsinin 18%-dən 15%-ə endirilməsini və ƏDV-nin fərqli dərəcələrlə tətbiq olunmasını təklif edir. ATİB mütəxəssisləri təklif edirlər ki, ƏDV-nin dərəcələri tətbiq olunduğu sahələrin vacibliyindən asılı olmalı və ilkin ehtiyac malları və xidmətləri üçün 1%, zəruri mallar və xidmətlər üçün 8%, zəruri olmayan və lüks mallar və xidmətlər üçün isə 15%-lə tətbiq olunmalıdır. Təkliflərdə Türkiyə təcrübəsi misal gətirilərək bildirilir ki, qonşu ölkədə ƏDV-nin dərəcəsinin aşağı salınması ilə yarana biləcək itkilər bəzi mallara özəl istehlak vergisinin tətbiqi ilə kompensasiya edilir.

Bundan başqa, sosial sığorta ayırmasının işəgötürənlərdən tutulan hissəsinin indiki 22%-dən 15%-ə endirilməsi təklif olunur.

ATİB fiziki şəxslərin gəlir vergisinin azaldılmasını da təklif edir. Bura maksimum dərəcənin 30%-dən 25%-ə endirilməsi, bu dərəcənin tətbiq olunduğu həddin isə 2000 manatdan 3000 manata qaldırılması aiddir. Təkliflərə əsasən, aylıq gəlirin 200 manatadək hissəsindən vergi tutulmamalı, 200-3000 manatdan 14%, 3000 manatdan yuxarı məbləğlərdən isə 392 manat və 3000 manatdan yuxarı məbləğin 25%-i qədər vergi tutulmalıdır.

Bundan başqa, təkliflərdə sadələşdirilmiş vergi üçün maksimum dövriyyənin fiziki şəxslərdə indiki 90 min manatdan 150 min manata, hüquqi şəxslərdə isə 150 min manatdan 250 min manata qaldırılması təklif olunur. Və nəhayət, ATİB işçilərin yemək, tibbi, mənzil xərclərinin, ictimai birliklərə edilən ianələrin və işçilərin digər sosial xərclərinin normaya uyğun hissəsinin gəlirdən çıxılmasını təklif edir. Təkliflərə əsasən, bu məqsədlərlə vergi ödəyicisinin gəlirinin 10%-dən çox olmayan hissəsinin gəlirdən çıxılmasına yol verilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 853

Oxşar yazılar