Təhsil və səhiyyə xərcləri azalır
16 oktyabr 2009 12:00 (UTC +04:00)

Təhsil və səhiyyə xərcləri azalır

Gələn ilin dövlət büdcəsində təhsilə builkindən 76,3 milyon, səhiyyəyə isə 30,2 milyon manat az vəsait yönəldəcək

Nazirlər Kabinetinin 2010-cu il üçün hazırladığı dövlət büdcəsində təhsil və səhiyyə xərcləri əhəmiyyətli dərəcədə azaldılıb. Dövlət xidməti və hüquq-mühafizə orqanlarının saxlanması üçün ayrılan vəsaitlər isə artırılıb.

Lent.az “İqtisadi forum” jurnalına istinadən xəbər verir ki, gələn ilin büdcə xərclərində ən çox azalma sənaye, tikinti və faydalı qazıntılar bölməsinin payına düşür. Belə ki, 2010-cu ildə 3,564 milyard manat və ya büdcə xərclərinin 31,6 faizi sənaye, tikinti və faydalı qazıntılara yönəldiləcək. 2009-cu illə müqayisədə bu xərclər 1,169 milyard manat və ya 25 faiz azaldılıb. Sənaye, tikinti və faydalı qazıntılar bölməsinin büdcə xərclərində payı 38,3 faizdən 31,6 faizə düşüb.

Gələn il üçün ümumi dövlət xidməti xərcləri 1,042 milyard, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanları 0,707 milyard, müdafiə xərcləri 1,206 milyard manat proqnozlaşdırılıb. Bu xərc istiqamətləri üzrə artım müvafiq olaraq 65 milyon, 27,1 milyon və 0,3 milyon manat olub. Əvvəlki illə müqayisədə ümumi dövlət xidməti xərcləri 6,7 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanları 4 faiz artıb. Bununla da büdcə xərclərində ümumi dövlət xidməti xərclərinin payı 7,9 faizdən 9,3 faizə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının payı 5,5 faizdən 6,3 faizə, müdafiə xərclərinin payı isə 9,8 faizdən 10,7 faizə qalxıb.

Təhsil xərcləri 1,277 milyard, səhiyyə xərcləri 0,479 milyard manat proqnozlaşdırılıb. Dövlət növbəti ildə 2009-cu illə müqayisədə təhsilə 76,3 milyon, səhiyyəyə isə 30,2 milyon manat az vəsait yönəldəcək. 2010-cu ildə təhsil xərcləri 5,6 faiz, səhiyyə xərcləri isə 6 faiz azaldılıb. Təhsil və səhiyyə xərclərinin həcmi mütləq həcmcə azalsa da, xüsusi çəkiləri təhsildə 11 faizdən 11,3 faizə, səhiyyədə isə 4,1 faizdən 4,3 faizə artıb.

Sosial müdafiə xərcləri 57,9 milyon artırılaraq 1,192 milyard manata çatdırılıb. Bu bölmənin büdcə xərclərində payı 9,2 faizdən 10,6 faizə artıb. Sosial müdafiə və sosial təminat xərclərində artım 5 faiz olub.

Mədəniyyət, incəsənət xərcləri 172,8 milyon (azalma 0,9 milyon manat), mənzil və kommunal təsərrüfatı xərcləri 201,2 milyon (azalma 9,7 milyon manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq xərcləri 382,7 milyon (azalma 26,2 milyon manat), nəqliyyat və rabitə xərcləri 77 milyon (azalma 2,1 milyon manat), iqtisadi fəaliyyətlə bağlı xərclər isə 181,5 milyon (azalma 25,5 milyon manat) manat proqnozlaşdırılıb. Əsas bölməyə aid edilməyən xərclər 47,5 milyon artırılaraq 780,6 milyon manata çatdırılıb. Bu xərc maddəsi üzrə artım 6,5 faiz olub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700

Oxşar yazılar