QHT koalisiyası iki neft müqaviləsinin açıqlanmamasından narazıdır
03 iyun 2009 15:00 (UTC +04:00)

QHT koalisiyası iki neft müqaviləsinin açıqlanmamasından narazıdır

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası yeni neft yataqlarının işlənməsinə dair müqavilənin ictimaiyyətə açıqlanmamasından narahatdır

Mayın 22-də Milli Məclisində Hasilatın Pay Bölgüsü (HPB – PSA -production sharing agreement) tipli daha 2 neft kontraktı ratifikasiya edilib. Bunlar quruda yerləşən “Kürovdağ” (operator – Global Energy, Virgin adalarının Britaniyaya aid hissəsində qeydə alınıb) və “Neftçala”, “Xıllı”, “Durovdaq-Bazanan” (operator - Global Energy-nin törəmə şirkəti olan Neftchala Investment Ltd) yataqlarının işlənməsi üzrə sazişlərdir. Bu sazişlərin imzalanması 3 fevral 2009-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mənzil-qərargahında baş tutub. Lakin həmin sazişlərlə bağlı tərəflər arasında danışıqların gedişi barədə ölkə ictimaiyyəti məlumatlandırılmayıb və onların açıq imzalanması mərasimi keçirilməyib.

Lent.az-ın məlumatına görə, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının yaydığı bəyanatda belə deyilir. Sənəddə qeyd olunur ki, həmin neft yataqlarının işlənməsi üzrə imzalanmış sazişlərin açıq mərasiminin keçirilməməsi Azərbaycan tarixində ilk belə hadisədir. Hətta ARDNŞ-nin saytında da indiyədək həmin kontraktlar barəsində heç bir məlumat verilməyib.

Bəyanatda deyilir: “Bu hadisə indiyə qədər ölkədə neft sazişlərinin imzalanması sahəsində bərqərar olan yaxşı ənənədən ciddi sürətdə geri çəkilmə baş verdiyini və sazişlərin hazırlanması və bağlanması proseduralarında xoşagəlməz tendensiyaya başlanğıc qoyulduğunu deməyə əsas verir. Bu faktı MSŞA Koalisiyası neqativ bir siqnal kimi qiymətləndirir. HPB sazişləri Azərbaycanın enerji siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bir sıra qonşu ölkələrin bu növ sazişlərə neqativ münasibəti fonunda Azərbaycanda neft və qaz sektoruna xarici investisiyanın cəlb edilməsi yönündə əsas və demək olar yeganə saziş növü kimi HPB-nin seçilməsi cəmiyyəti bir o qədər də narahat etmirdi. Belə ki, sazişlər bir qayda olaraq mərhələli müzakirədən keçir, imzalama mərasimi ictimaiyyətə təqdim olunur, sazişin xarici tərəfdaşları isə əsas etibarı ilə etibarlılığı ilə seçilən tanınmış beynəlxalq transmilli şirkətlər olurdu. Sonuncu hadisə ilə HPB sazişlərinin imzalanmasına sanki yeni və heç də uğurlu görünməyən qaydalar tətbiqi başlanır”.

Bəyanat müəllifləri hesab edirlər ki, həm sazişlər barədə məlumatların açıqlanmaması, həm də sazişlərdə 80 faizlik payla iştirak edən şirkətlərin kifayət qədər tanınmaması, onların ofşor zonalarda qeydiyyatdan keçmələri vətəndaş cəmiyyəti üzvlərini ciddi narahat edir. Əvvəlki sazişlərdə HPB sazişlərinin ölkəyə vacibliyi xarici partnyorların yüksək texnologiya və nou-hau-su vasitəsi ilə yataqların daha səmərəli işlənməsi və bununla ölkəyə çatası mənfəət neft və qazının artması ilə izah edilirdisə, son sazişlərdə arqumentlərin nədən ibarət olması sual altında qalır.

Xatırladaq ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında sözügedən müqavilələrin gizli bağlanması barədə deyilənlərlə razılaşmadığını deyib. Onun sözlərinə görə, bu müqavilələrin imzalanması gizli saxlanılsaydı, sənəd Milli Məclisdə deputatların müzakirəsinə verilməzdi.

“Sadəcə, tam razılıq əldə olunmadan bu barədə məlumatların açıqlanması podratçı şirkətlərin müqavilədən imtina etməsi ilə nəticələnə bilərdi” - deyə, ARDNŞ prezidenti bildirib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1098

Oxşar yazılar