Belarus səfiri Gəncə Avtomobil Zavodunda olub
24 sentyabr 2010 14:33 (UTC +04:00)

Belarus səfiri Gəncə Avtomobil Zavodunda olub

Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviç sentyabrın 24-də Gəncə Avtomobil Zavodunda olub. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, səfir zavodun ümumi fəaliyyəti ilə tanışlıq aparıb.

Burada diplomatın diqqətinə çatdırılıb ki, Zavodda 2007-2009-cu illərdə cəmi 79 ədəd müxtəlif modeldə «MAZ» avtomobili yığılıbsa, 2010-cu ildə bu rəqəm 12 dəfə artıb. 2010-cu ilin ötən 9 ayının nəticələrinə görə, müəssisədə 325 ədəd Belarus traktoru, 477 ədəd «MAZ» avtomobili, 130 ədəd avtomobil qoşqusu, 70 ədəd MUP 351 kommunal maşını, 15 ədəd DEM 114 ekskavator, 12 ədəd «MAZ» avtokranı, 600 ədəd kənd təsərrüfatı texnikası üçün asma avadanlığı kotan, otbiçən və 20 ədəd traktor qoşqusu istehsal edilib. Bundan sonra isə Gəncə Avtomobil Zavodu dövlət sifarişini yerinə yetirərək 720 ədəd müxtəlif modeldə “Belarus” markalı traktorun, 1000 ədəd MAZ avtomobilinin, 300 ədəd avtomobil qoşqusunun, 70 ədəd kommunal maşının, 500 ədəd kənd təsərrüfatı texnikası üçün asma avadanlığının istehsalını planlaşdırır. 25 ədəd «MAZ» avtokranı və 200 ədəd traktor qoşqusunun da istehsalı nəzərdə tutulur.

Gəncə Avtomobil Zavodunun Almaniyanın «Haller» şirkəti və Belarusun Minsk Avtomobil Zavodu ilə bağladığı üçtərəfli müqaviləyə əsasən «Haller»in kommunal avadanlığı quraşdırılacaq. Hazırda Gəncə avtomobil zavodunda 7 min kv metr yeni istehsal sahəsi hazırlanır. Bu sahə müasir standartlara cavab verən texnoloji xəttlə, avadanlıqlarla təchiz olunacaq. «Haller» avadanlığının komplektləşdirici hissələrinin 40 faizini yerli şəraitdə yığımı üçün Almaniya istehsalı olan qaynaqla və boyama avadanlığının alınması da planlaşdırılır. Daha bir yenilik isə Gəncə Avtomobil Zavodunun yığdığı traktorların Türkiyədə nümayişi olacaq.

Belarus səfiri Gəncə Avtomobil Zavodunda görülən işləri yüksək dəyərləndirib. «Gəncə Avtomobil Zavodunun yeni inkişaf mərhələsinə qədəm qoyduğu şübhəsizdir. Əgər 4 il əvvəl biz burada hansısa işləri planlaşdırırdıqsa, bu gün həmin planlar reallığa çevrilib. indi Zavodda traktorlar yığılır. Bu traktorlar öz keyfiyyəti ilə fermerləri razı salır. Zavodda kranlar və kommunal texnikaların istehsalı da inkişafdan xəbər verir. İş yerləri açılır. Zavodda 500 nəfərin məşğulluğu təmin olunur. Rəhbərliklə danışıqlar göstərir ki, yaxın gələcəkdə daha 200 yeni iş yerinin açılışı nəzərdə tutulur» - deyə diplomat qeyd edib.

Səfirin zavodda görülən işlərlə tanışlığından sonra, Belarus Respublikasından gələn musiqi kollektivinin konserti keçirilib.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1842

Oxşar yazılar