Manat dollara nəzərən 0,5 faiz ucuzlaşıb
27 fevral 2009 14:31 (UTC +04:00)

Manat dollara nəzərən 0,5 faiz ucuzlaşıb

Bununla belə, Azərbaycanda milli valyutanın devalvasiyası gündəlikdə deyil

Bu ilin yanvar-fevral aylarında Milli Bankın valyuta satışı cəmi 300 milyon dollar olub. Bu isə o deməkdir ki, ilin əvvəlindən bu yana manatın sabit saxlanması üçün 300 milyon dollar xərclənib.

Lent.az-ın məlumatına görə, Milli Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında ilin əvvəlindən Azərbaycan valyutasının ABŞ dollarına nisbətən 0,5 faiz ucuzlaşdığını deyib. Avro ilə müqayisədə isə manat 9 faiz möhkəmlənib.

Elman Rüstəmov bildirib ki, Azərbaycanın əsas ticarət partnyorları olan ölkələrdə milli valyutaların devalvasiyası baş verib. Onun sözlərinə görə, bu, Azərbaycana da ciddi psixoloji təsir göstərir. Belə ki, psixoloji olaraq, həm əhali, həm də korporativ sektorda qonşu ölkələrdəki devalvasiyaların məntiqi nəticəsi kimi, Azərbaycan valyutasının da devalvasiyası gözləntisini artırıb: “Biz hətta müəyyən dövrdə ajiotajla da rastlaşdıq. Lakin Milli Bankın bazara daxil oldu və göstərdi ki, öz milli valyutasını qorumaqda israrlıdır”.

Elman Rüstəmov deyib ki, Milli Bank bu məsələnin üzərində çox ciddi şəkildə çalışır. Onun sözlərinə görə, hazırda Azərbaycan manatının devalvasiyası gündəlikdə durmur. Lakin Milli Bank rəhbəri əlavə edib ki, indi həm devalvasiyanı tələb edən, həm də manatın qorunmasının vacib olduğunu göstərən çoxlu amillər var: “Bizim apardığımız tədqiqatlar göstərir ki, manatın sabitliyinin qorunması istiqamətindəki amillər daha vacibdir. Ona görə də ictimaiyyətə, xüsusilə də biznes strukturlarına çatdırmaq istəyirəm ki, manatın devalvasiyası gündəlikdə deyil”.

Milli Bankın rəhbəri bildirib ki, hökumət manatın dəyərinin sabit saxlanması üçün kifayət qədər strateji ehtiyatlara malikdir. Onun sözlərinə görə, hazırda strateji ehtiyatlar dövriyyədə olan manat kütləsini 2,2 dəfə örtür: “Heç bir dövlətin belə strateji ehtiyatları yoxdur, onlar belə bir ehtiyat yaratmayıblar. Ona görə də biz bu gün öz milli valyutamızı qorumaq potensialına malikik və bunu edəcəyik”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1528

Oxşar yazılar